Modern.az

Hüquq-mühafizə orqanlarında aparılan kadr islahatları onların planlarını pozdu

Hüquq-mühafizə orqanlarında aparılan kadr islahatları onların planlarını pozdu

Aktual

8 Dekabr 2025, 17:44

2016-cı ildə keçirilmiş Konstitusiya referendumu Azərbaycanda dövlət idarəçiliyinin keyfiyyətcə yeni mərhələsinin başlanğıcı oldu. Konstitusiyaya edilən dəyişikliklər idarəetmənin çevikliyini artırmaq, qərarvermə mexanizmlərini modernləşdirmək və yeni institusional model yaratmaqla dövlətin uzunmüddətli inkişaf strategiyasına uyğunlaşırdı. Referendumdan sonra həyata keçirilən kadr və struktur islahatları illərlə mövcud olmuş köhnə idarəçilik sisteminin dayaqlarını zəiflətdi, yeni siyasi nizamın formalaşmasını sürətləndirdi. Lakin bu proseslər ən çox uzun illər siyasi sistem daxilində özünə təsir şəbəkəsi qurmuş Ramiz Mehdiyev və onun ətrafında cəmləşən “5-ci kolon”un maraqlarına toxunurdu.

Yeni mərhələdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar dövlət idarəçiliyinin intellektual səviyyəsini yüksəltdi, çevik qərarvermə sistemi formalaşdırdı və yeni nəsil peşəkarların dövlət xidmətinə adaptasiyasını təmin etdi. Xüsusilə 2017–2018-ci illərdə strateji komandanın gücləndirilməsi, vitse-prezidentlik institutunun yaradılması və Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin edilməsi idarəçilikdə məsuliyyət və funksionallığın artmasına gətirib çıxardı. Bu yeni siyasi arxitektura uzun illər təsir dairəsini qorumağa çalışan köhnə qüvvələrin mövqelərinə sarsıdıcı təsir göstərdi və Ramiz Mehdiyev artıq əvvəlki kimi pərdəarxası deyil, açıq mübarizə strategiyasına keçməyə məcbur oldu.

Ramiz Mehdiyev uzun illər yüksək dövlət vəzifələrindən istifadə edərək müxtəlif sahələrə nüfuz etmiş, öz ətrafında köhnə bürokratik sistemin daşıyıcılarından ibarət şəbəkə formalaşdırmışdı. Onun təsiri altında olan “5-ci kolon” dövlət aparatında neqativ tendensiyaların qalmasına, inersiyanın güclənməsinə, islahatların gecikdirilməsinə xidmət edirdi. Yeni idarəçilik modelinin formalaşması bu şəbəkənin mövqelərini zəiflətdikcə Mehdiyev siyasi manipulyasiya alətlərinə əl atmağa başladı. AXCP və Milli Şura kimi radikal strukturlarla əməkdaşlıq, onların aksiyalarına dolayı dəstək, xaricdə fəaliyyət göstərən söyüş və təhqir kampaniyalarına maliyyə və logistika təminatı bu məqsədə xidmət edirdi. Məqsəd dövlət daxilində süni gərginlik yaratmaq, yeni idarəçilik komandasını nüfuzdan salmaq, dövlət institutları arasında saxta qarşıdurma görüntüsü formalaşdırmaq və islahatların dinamikasını zəiflətmək idi.

2018–2019-cu illərdə Mehdiyevin xaricdən koordinasiya etdiyi radikal qrupların fəallaşması xüsusilə nəzərə çarpırdı. Sosial şəbəkələr üzərindən aparılan dezinformasiya, təhqir və təxribat kampaniyaları dövlətə, xüsusilə hüquq-mühafizə orqanlarına qarşı inamsızlıq yaratmağa yönəlmişdi. Lakin həmin dövrdə aparılan kadr islahatları, peşəkarlığın artırılması, məsuliyyət prinsipinə əsaslanan yeni idarəetmə modelinin tətbiqi bu cəhdləri zəiflətməyə başladı. Dövlət qurumlarında sadiqlik, koordinasiya və siyasi iradəyə bağlılıq əvvəlkindən də gücləndi.

2019-cu ildən sonra Mehdiyev şəbəkəsinin hüquq-mühafizə orqanlarına qarşı yönəlmiş planları daha da aktivləşdi. Yasamal hadisələri, qanunu pozmağa təhrik edən aksiyalar, montaj edilmiş təxribat xarakterli videoların sosial şəbəkələrdə tirajlanması, regionlarda polis–vətəndaş qarşıdurması yaratmaq cəhdləri eyni mərkəzdən idarə edilən planın tərkib hissəsi idi. Məqsəd Azərbaycanın dayağı olan polis orqanlarını nüfuzdan salmaq və daxili sabitliyə təhlükə yaratmaq idi. Lakin Prezident İlham Əliyevin qəti siyasi iradəsi, hüquq-mühafizə orqanlarının sədaqəti və peşəkarlığı nəticəsində bu planların qarşısı tam şəkildə alındı. Bir daha aydın oldu ki, Azərbaycan polisi və  dövlətimizin  təhlükəsizliyinə cavabdeh olan digər orqanların əməkdaşları Ali Baş Komandana sarsılmaz sədaqət göstərir və heç bir siyasi təxribat onların xidmət borcunu yerinə yetirməsinə mane ola bilməz.

Son dövrün təhlili göstərir ki, Ramiz Mehdiyevin şəbəkəsi yalnız AXCP və Milli Şura ilə məhdudlaşmır. Onun xaricdə maliyyələşdirdiyi informasiya kanalları, radikal qruplar və müəyyən şəxslərin fəaliyyəti artıq ifşa mərhələsinə keçib. Söyüş müxalifətinin maliyyə mənbələrinin kəsilməsi və onların öz etirafları bu qrupların heç vaxt müstəqil siyasi subyekt olmadığını, sadəcə müəyyən dairələrin sifarişlərini icra etdiklərini açıq şəkildə göstərir.

2016-cı ildən bəri aparılan islahatlar idarəetmə keyfiyyətinin yüksəldilməsinə, şəffaflıq və funksionallığın artmasına, kadr yenilənməsinə və struktur optimallaşdırılmasına səbəb olub. Köhnə idarəetmə modelinin daşıyıcıları demək olar ki, tamamilə arxa plana keçib, təsir imkanları minimuma enib.

2020-ci ildə Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə, ardınca isə 2023-cü ildə ordumuzun həyata keçirdiyi anti-terror tədbirləri nəticəsində bərpa olunan tam suverenlik Azərbaycanın siyasi gücünü və beynəlxalq nüfuzunu yeni mərhələyə yüksəltdi. Tarixi torpaqlarımızın işğaldan azad edilməsi Ali Baş Komandan cənab İlham Əliyevin liderlik keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi, dövlət başçısına xalqın sevgisini və etimadını daha da artırdı, ölkə daxilində isə misilsiz milli həmrəyliyin formalaşmasına səbəb oldu.

Təbii ki, bu yeni reallıq Ramiz Mehdiyev – Əli Kərimli tandeminin gözlədiyi siyasi planları tamamilə alt-üst edərək onlar üçün dağıdıcı nəticələr yaratdı. Onların illərlə qurmağa çalışdıqları siyasi manipulyasiya platforması ölkədə yaranmış birlik, güc və xalq-iqtidar həmrəyliyi fonunda tamamilə iflasa uğradı.

Tarixi paralellər göstərir ki, son 30 ildə ölkəmizə qarşı müxtəlif formalarda üç dəfə çevriliş cəhdi həyata keçirilib. 1995 və 2005-ci illərdə olduğu kimi, 2025-ci ildə də xalqın öz liderinə sədaqəti, dövlətin qüdrəti və hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığı sayəsində bütün təxribatlar tamamilə iflasa uğradı. Bu reallıq bir daha təsdiqləyir ki, Azərbaycan dövləti möhkəm təməl üzərində dayanır və heç bir daxili və ya xarici təhdid ölkəmizin sabitliyini, təhlükəsizliyini və inkişaf yolunu dəyişə bilməz.

Bu gün Azərbaycan dövləti qüdrətlidir və təhlükəsizlik sisteminin bütün həlqələri dövlət maraqlarının qorunmasına xidmət edir. Dövlətə qarşı yönəlmiş hər bir plan gec-tez ifşa olunur və onun arxasında dayanan şəxslər qanun qarşısında cavab verir. Cəmiyyətin həmrəyliyi, siyasi iradənin qətiyyəti, hüquq-mühafizə orqanlarının sədaqəti və peşəkar idarəetmə modeli Azərbaycanı müasir çağırışlara çevik reaksiya verən, sabit və etibarlı dövlət kimi daha da gücləndirir.

Ramiz Alıyev
İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Parlamentdə deputatlar arasında GƏRGİNLİK