Bu il avqustun 22-də Rusiya Ədliyyə Nazirliyi politoloq Sergey Markovu xarici agentlər siyahısına daxil edib. O, Rusiya hakimiyyəti haqqında feyk məlumatlar yaymaqda və xarici agentlərin kontentinin yaradılmasında və ya yayılmasında iştirak etməkdə ittiham olunub.
Modern.az Sergey Markovla bağlı son durumu öyrənmək üçün onun özü ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında Markov bildirib ki, üzərindəki “xarici agent” statusu hələ də götürülməyib. Bu məsələ ilə bağlı ona qarşı Ədliyyə Nazirliyi tərəfindən verilmiş iddia üzrə məhkəmə prosesi 16 dekabrda baş tutmalıdır. Sergey Markovun sözlərinə görə, qarşı tərəf onun barəsində "özünü xarici agent kimi tanımadığı” iddiası qaldırıb.
Hazırda Rusiyada olduğunu deyən ekspert siyasi fəaliyyətini qismən davam etdirdiyini bildirib. O, müəyyən səbəblərdən son vaxtlar Rusiya və Azərbaycan mediasına müsahibə vermədiyini vurğulayıb.
Ekspert xüsusilə də müxalifyönlü KİV-lərə müsahibə vermədiyini qeyd edib:
“Onlar məni öz siyasi mövqeləri üçün istifadə etməyə çalışırlar. Mən isə onların heç bir mövqeyini dəstəkləməmişəm və dəstəkləmirəm. Mən Vladimir Putini dəstəkləyirəm və özümü Rusiyanın vətənpərvəri hesab edirəm”.
Bununla yanaşı, o, beynəlxalq mediaya - Hindistan, Çin, ərəb, Avropa və digər ölkələrin informasiya vasitələrinə müsahibə verdiyini və bu çıxışlarında Vladimir Putin haqqında da geniş danışdığını əlavə edib.