Azərbaycanda ət bazarındakı qiymətlərdə son aylarda müşahidə olunan dəyişikliklər həm alıcıların, eləcə də satıcıların diqqətini cəlb edir. Daxili bazarda Monqolustan, Braziliya, Ukrayna, Qazaxıstan və Belarus mənşəli ətin payının artması, xarici ətin daha geniş reklam olunması, eləcə də bu dövrdə dabaq xəstəliyinin yayılması insanların yerli və ya idxal ət seçimlərinə müəyyən təsir göstərib.
Mövzu ilə bağlı Modern.az-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, hazırda həm xırdabuynuzlu, həm də iribuynuzlu heyvanların ətində qiymət artımı müşahidə olunur. Onun sözlərinə görə, Yeni il ərəfəsində də ətin qiymətində artım gözlənilir.
Ekspert bayramöncəsi bahalaşmanın səbəbini belə izah edib:
“Bunun səbəbi ət təklifində ciddi azalma ilə bağlıdır. Bildiyimiz kimi, ilin ilk 9 ayında Gürcüstandan 30 milyon dollar dəyərində həm xırda buynuzlu diri heyvan, eləcə də dondurulmuş ət idxal edilib.
Hazırda isə Gürcüstanda dabaq xəstəliyinin geniş yayılması səbəbilə oradan ət idxalı dayandırılıb. Gürcüstanın özündə də ətin qiyməti artıb. Buna görə də bizim idxalda da azalma olacaq. İstehsalda azalma, idxalda isə geriləmə baş verəndə təklif azalır və təklif azaldıqca qiymətlərin artması bazar qanunlarına əsasən təbiidir”.
V.Məhərrəmov nəzərə çatdırıb ki, yaxın 10-15 gün ərzində xüsusilə quzu və qoç ətində qiymət artımını müşahidə edəcəyik:
“Bazarda digər ət növləri də var. Məsələn, xaricdən gətirilmiş dondurulmuş ət burada donu açılaraq təzə ət kimi satışa çıxarılır. Eləcə də, Monqolustandan gətirilən qoç əti bəzən yerli məhsul kimi təqdim olunur.
Amma əhali yaxşı keyfiyyətli ətin hansı qiymətə olduğunu bilir. Keyfiyyətli ətin dəyəri isə yüksəkdir və bazarda keyfiyyətli, yerli, təzə ətin çatışmazlığı müşahidə olunur. Bu da əlbəttə qiymət artımına təsir edir və edəcək”,- deyə ekspert bildirib.