Xəzər dənizinin Dağıstan sahillərində ölü tapılan suitilərin sayı 800-ə çatıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Dağıstan Dövlət Universitetinin Elmi İnnovasiya üzrə prorektoru və "Kompas" Fondunun tədqiqat qrupunun rəhbəri Əlimurad Hacıyev bildirib. Onun sözlərinə görə, dekabrın əvvəlindən bəri Xəzər sahilində təxminən 800 nəsli kəsilməkdə olan suitilərin cəsədi tapılıb, lakin yekun say hələlik məlum deyil.
Dekabrın əvvəlində RG sahildə 484 ölü suiti cəsədinin tapıldığını bildirib. Mütəxəssislər heyvanların ölüm səbəbini araşdırmaq üçün onlardan bionümunələr toplayıblar. Dağıstan Təbii Sərvətlər və Ekologiya Nazirliyi suitilərin kütləvi ölümünü "Xəzər dənizində faciəli, lakin illik təbii hadisə" adlandırıb.
Qeyd etmək lazımdır ki, Xəzər suitisi endemikdir (red-yalnız müəyyən coğrafi ərazidə yaşayan) və dünyanın heç bir yerində rast gəlinmir. O, Rusiya və Dağıstanın Qırmızı Kitablarına daxil edilib. Mövcud məlumatlara görə, onun populyasiyası 20-ci əsrin əvvəllərində bir milyondan bu gün 70-80 minə qədər azalıb.