Modern.az

Qazaxıstandakı diaspor təyyarə istintaqının yekun qərarını gözləyir - AÇIQLAMA

Qazaxıstandakı diaspor təyyarə istintaqının yekun qərarını gözləyir - AÇIQLAMA

Aktual

10 Dekabr 2025, 17:33

Azərbaycanın Bakı–Qroznı reysilə uçan sərnişin təyyarəsinin Rusiya ərazisində vurulduqdan sonra Qazaxıstanda qəzaya uğramasından 11 ay keçir. İndi istintaqın yekunlaşma tarixinə 15 gün qalır.

Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın yekun nəticələrini xarici laboratoriyalardan alınacaq rəy təqdim olunduqdan sonra açıqlayacağını elan edib.

Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbaev daha əvvəl bildirib ki, qəzanın araşdırılması iki istiqamətdə aparılır: biri cinayət işi üzrə Baş Prokurorluğun xətti ilədir, bu çərçivədə Rusiya və Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilir. Digər istiqamət isə Nəqliyyat Nazirliyinin apardığı texniki araşdırmadır.

Nazirliyin məlumatına görə, prosesin tamamlanması üçün təyyarədə istifadə olunan aviasiya və naviqasiya avadanlıqlarının istehsalçıları və lisenziya sahiblərindən son mütəxəssis rəyləri gözlənilir. Bozumbaevin məlumatına görə, hesabat bu ilin sonunda və ya gələn ilin əvvəlində hazır ola bilər.

Modern.az-a açıqlamasında Qazaxıstandakı Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov bildirib ki, istintaq komissiyasının yekun qərarına dair rəsmi məlumatı səbirsizliklə gözləyirlər:

"İlk növbədə qeyd etmək lazımdır ki, AZAL təyyarəsinin Aktauda qəzaya uğraması hamımız üçün ağır hadisəydi. Həmin vaxt Azərbaycan və Qazaxıstan tərəfləri operativ qaydada xilasetmə və yardım işlərini koordinasiya etmişdilər. Hazırda biz də istinaq komissiyasının yekun qərarına dair rəsmi məlumatı səbirsizliklə gözləyirik. Hadisələrdən 1 il keçir. Bu məsələnin sivil, şəffaf və ədalətli şəkildə yekunlaşmasına ümid edirik. Aktau şəhərinin sakinləri, Azərbaycan diasporu, Baş konsulluq istintaqın nəticələrinin çox yaxın vaxtda açıqlanacağını gözləyir. Çünki hamımız bu prosesdə çox fəal iştirak edirdik. Eyni zamanda, biz anlayırıq ki, belə araşdırmaların mərhələləri çox olur. Texniki baxımından çox çətin prosesdir".

İ.Orucov verilmiş vədlərə uyğun olaraq, dekabrın 25-də istintaqın yekunlarının açıqlanacağına ümid etdiklərini deyib:

"Vaxt gedir və ictimaiyyətdə narahatlıq yaranır ki, bu da təbiidir. Hazırda biz sadəcə rəsmi məlumatın dərcini gözləyirik. Cəmi təxminən 15 gün vaxt qalıb. Ümid edirik ki, verilmiş vədlərə uyğun şəkildə yekun qərar nəhayət ictimaiyyətə təqdim olunacaq. Qəraraın isə azərbaycanlıların xeyrinə olacağını güman edirik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -