Ankarada Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə Prezident Millət Kitabxanasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilən mərasim və Ulu Öndərin əziz xatirəsində ithaf olunan “Duman çəkiləndə” romanının təqdimatı keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri deputat Eldar Quliyev və deputat Anar Məmmədov iştirak ediblər. Eyni zamanda, Türkiyə parlamentinin deputatları, diplomatlar, elm xadimləri və ekspertlərin iştirak etdiyi tədbirdə Ümummilli Liderin zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Rəsmi açılışda Türkiyə Prezident Kitabxanaları Departamentinin sədri Ayhan Tuğlu, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun sədri Şamil Ayrım, romanın müəllifi Sabir Şahtaxtı və digər rəsmi şəxslər çıxış ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası, dünya şöhrətli siyasətçinin dövlətçilik ideologiyası, Azərbaycan-Türkiyə qardaşlığının inkişafına verdiyi töhfələrdən bəhs olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbəni Türk dünyasının həmrəyliyinə tarixi təsirindən bəhs olunub.
Tədbirdə çıxış edən dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov qeyd etdi ki, “Bu gün biz Türk dünyasının böyük oğlu, dövlət xadimi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ərəfəsində onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Ulu Öndərimiz Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin mürəkkəb sınaqlarından uğurla çıxarmış, güclü, öz sözü olan demokratik, dünyəvi müasir Azərbaycan dövlətini yaratmışdır. Ulu Öndər eyni zamanda, türk dünyasının möhkəmlənmsəində çox incə, strateji və taktik fəaliyyət göstərmiş, bu günkü türk dünyası birliyinin ideoloji əsasını qoymuşdur. Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Sözsüz ki, bu münasibətlərdə iki nüfuzlu liderin Cənab Rəcəb Tayyib Ərdoğan və Cənab İlham Əliyevin, o cümlədən xalqlarımız arasında olan dostluq və qardaşlığın təbii birliyi sayəsində mümkün olmuşdur. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
Bu gün Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin himayədarlığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş yazıçı-publisist Sabir Şahtaxtının müəllifi olduğu “Duman çəkiləndə” romanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun apardığı 44 günlük rəşadətli Vətən müharibəsinin tam təfsilatını tərənnüm edir. Bir sözlə, ibrətamiz məhəbbət dastanı olan bu əsər Böyük Qarabağ Zəfərinin tarixi təntənəsini tərənnüm etmək məqsədilə qələmə alınıb. Bu münasibətlə kitabı ərsəyə gətirənləri təbrik edir, onlara dövlətçilik tariximizin təbliğində uğurlu fəaliyyətinə görə təşəkkür edirəm.”






.jpg)


