"Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.
Modern.az xəbər verir ki, APA-nın məlumatına görə, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qazıyeva ekspert rəyini yazılı şəkildə məhkəməyə təqdim edib.
Daha sonra ekspert rəyin nəticəvi hissəsini elan edib.
Ekspert bildirib ki, videodakı sözlər kəskin neqativ qiymətləndirilsə də, təhqir deyil, tənqid kimi dəyərləndirilməlidir. Orada səslənən ifadələr ümumişlək sözlər səciyyəlidir, lüğətimizdə var və təhqir yoxdur.
Xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkili Asim Abbasov təqdim edilən rəyə etiraz edib.
Vəkil bildirib ki, keçən dəfə də rəyə etiraz ediblər, amma bu dəfə rəy həm də yazılı formada məhkəməyə təqdim edilib. Həmçinin ötən dəfə səsləndirən rəylə indiki rəy arasında ziddiyyət var.
Eyni zamanda, vəkil rəyin qərəzli olduğu məhkəməyə bildirib: “AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırkı direktoru 2021-ci ildə təyin olunub. Həmin dövr ərzində AMEA-nın prezidenti, Dilçilik İnstitutunun direktoru və təqsirləndirilən şəxs arasında “Bermud üçbucağı” kimi əlaqəsi olub. Düşünürəm ki, rəy qərəzlidir. Həmin rəyin sübutlar siyahısından çıxarılmasını xahiş edirəm. Yazılı şəkildə etirazı bildirmək üçün məhkəmədən vaxt istəyirəm”.
Təqsirləndirilən İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli buna etiraz edib və bu etirazın prosesin uzadılmasına söykəndiyini məhkəməyə bildirib.
İsfəndiyar Axundov da vəkili ilə razı olduğunu, prosesin uzandığını deyib.
Hakim etirazın tərəfin hüququ olduğunu bildirib və iddiaçı tərəfə etirazın verilməsi üçün vaxt verilməsi barədə qərar qəbul edilib.
Proses 15 dekabrda davam etdiriləcək.
Xatırladaq ki, AMEA-nın sözügedən dövrdə prezidenti Ramiz Mehdiyev olub. Ramiz Mehdiyev hazırda xüsusilə ağır cinayət əməllərinə görə, 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib.