Aralıq dənizi siklonunun təsiri nəticəsində ölkə ərazisində güclü yağıntılar müşahidə olunub.
Modern.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib.
O bildirib ki, Aralıq dənizi rayonlarından hərəkət edən siklonun təsiri nəticəsində ölkə ərazisində dekabrın 9-u axşam saatlarından başlayan leysan xarakterli yağış, 10-u gün ərzində bəzi yerlərdə daha da intensivləşərək 11-i səhərədək fasilələrlə davam edib: "Dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağa qar yağıb. Ölkənin şərq ərazilərində və Abşeron yarımadasında yağıntılar digər bölgələrlə müqayisədə daha intensiv və güclü olub. Belə ki, yarımadaya düşən yağıntının ümumi miqdarı 44 mm olub, bu da aylıq iqlim normasının 149%-ni təşkil edir".
"Ümumi proses müddətində ən çox yağıntı Qobustan, Biləsuvarda 31, Şirvan və Neftçalada isə 28 mm olmaqla qeydə alınıb", - G.Abbasova vurğulayıb.