Bakı Sağlamlıq Mərkəzində xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir.
“Ümumilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan möhtərəm prezidentimiz cənab İlham Əliyevin məğrur və əzmkar fəaliyyəti ilə ölkəmizin müstəqilliyi daha da möhkəmləndi. Bu gün Azərbaycan, tarixin ən qüdrətli dövrünü yaşayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordu quruculuğu yüksək zirvəsinə çatmışdır.” - deyə Mərkəzimizin İcraçı direktoru bildirib.
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının ölkəmizin bütün sahələrdə inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi proseslərində mühüm rolunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi tarixi nailiyyət və qələbələrdən bəhs edib.
Sonra YAP sıralarına yeni qəbul edilmiş Bakı Sağlamlıq Mərkəzi həkimlərinə Partiyanın üzvlük vəsiqələri təqdim olunub.