Modern.az

Jurnalistlər Xəzər Tibb Mərkəzi ilə tanış olublar - FOTOLAR

Jurnalistlər Xəzər Tibb Mərkəzi ilə tanış olublar - FOTOLAR

Aktual

11 Dekabr 2025, 17:50

Media nümayəndələri TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Xəzər Tibb Mərkəzində yaradılan infrastruktur, müasir tibbi imkanlar, icbari tibbi sığorta sisteminin tətbiqi və göstərilən xidmətlərlə tanış olublar.

Modern.az xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova cari il ərzində görülən işlər barədə danışıb:

"Cari il ərzində "Vahid xəstəxana saytı" layihəsi icra olunur və bu çərçivədə TƏBİB-in tabeliyində fəaliyyət göstərən 20 tibb müəssisəsinin rəsmi internet saytı hazırlanır. Artıq Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi internet saytı ilə bağlı işlər yekunlaşıb. Bundan əlavə, Binəqədi, Xətai və Sumqayıt tibb mərkəzlərinin, həmçinin Quba və Lənkəran rayon mərkəzi xəstəxanalarının rəsmi internet saytları ilə bağlı işlər davam etdirilir".

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, icbari tibbi sığortanın tətbiqi Xəzər Tibb Mərkəzində tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və infrastrukturun gücləndirilməsinə şərait yaradıb:

"Son illər ərzində Mərkəzin maddi-texniki bazası yenilənib, müasir tibbi avadanlıqların quraşdırılması ilə diaqnostika və müalicə imkanları əhəmiyyətli dərəcədə genişlənib".

TƏBİB-in Tibbi xidmətin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva Xəzər Tibb Mərkəzində yaradılan tibbi xidmətlər, nəzərdə tutulan layihələrlə bağlı məlumatları diqqətə çatdırıb.

Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev vurğulayıb ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində ümumilikdə 230 min 724 nəfər Xəzər Tibb Mərkəzinə müraciət edib:

"Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayında artım müşahidə olunur. Belə ki, cari ilin yanvar-noyabr ayları ərzində müraciət edən 230 min 724 nəfərə ümumilikdə 780 min 134 tibbi xidmət göstərilib. Həmin dövrdə 5125 nəfər stasionar müalicə alıb. 2025-ci ilin ilk 11 ayında 2713 cərrahi prosedur icra olunub. Hazırda cərrahi xidmətlərin sayının və keyfiyyətinin artırılması istiqamətində də işlər davam etdirilir".

Daha sonra Xəzər Tibb Mərkəzində Poliklinika, Radiologiya, Laboratoriya, Təcili tibbi yardım şöbələri ilə tanışlıq olub.

Mediatur çərçivəsində media nümayəndələri tibb müəssisəsində müvafiq müayinələrdən keçiblər.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?