Modern.az

Dövlət işçiləri də evdən işləyə biləcək

Dövlət işçiləri də evdən işləyə biləcək

Aktual

12 Dekabr 2025, 14:30

Distant məşğulluğun ölkədə hüquqi çərçivəyə salınması ilə bağlı müzakirələr son dövrlər həm Milli Məclisdə, həm də ictimai mühitdə geniş vüsət alıb. Artıq özəl sektorla yanaşı, bu modelin dövlət qurumlarında tətbiqinin mümkünlüyü də gündəmdədir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu həftə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bildirib ki, distant iş zamanı işçinin fəaliyyət göstərəcəyi məkan əvvəlcədən müəyyən edilir, həmin yerin təhlükəsizliyi və əmək mühafizəsi tələbləri isə qanunvericiliyə uyğun şəkildə təsdiq olunur. Onun sözlərinə görə, tələblər Əmək Məcəlləsinin ümumi normalarına əsaslanaraq əmək müqaviləsinə əlavə şəklində daxil ediləcək və tərəflərin öhdəliklərində dəqiq şəkildə əksini tapacaq.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayev qeyd edib ki, distant işin qanuniləşdirilməsi və tətbiqi artıq zərurətə çevrilib.

“Bu yalnız özəl sektor üçün deyil, dövlət qurumları üçün də tam real və mümkündür. Məsələ ondadır ki, dünyanın çox ölkələrində dövlət idarəçiliyinin müəyyən hissəsi artıq distant və hibrid model üzərində qurulur və bunun səmərəsi sübut olunub”.

R.Nurullayev hesab edir ki, Azərbaycanda da dövlət qurumlarında distant işin müəyyən sahələr üzrə mərhələli şəkildə tətbiqi mümkündür və məqsədəuyğundur:

“Xüsusilə, analitik və araşdırma yönümlü işlər, layihələndirmə və proqramlaşdırma, müxtəlif hesabat və ofis işləri, birbaşa fiziki iştirak tələb etməyən funksiyalar distant rejimdə effektiv şəkildə həyata keçirilə bilər. Bu həm vaxtın optimallaşdırılması, həm xidmətin keyfiyyəti, həm də dövlət büdcəsinin xərclərinə qənaət baxımından ciddi üstünlüklər yarada bilər”.

Deputat vurğulayıb ki, bütün dövlət strukturlarında tam distant model tətbiq oluna bilməz:

“Xidmət yönümlü, vətəndaş qəbulu və operativ qərarların qəbulunu tələb edən sahələrdə əlbəttə ki, fiziki iş rejimi əsas olaraq qalacaq. Amma hibrid model, yəni müəyyən günlər ofisdə, müəyyən günlər distant - dövlət idarəçiliyində çox uğurlu nəticələr verə bilər.

Ümumilikdə mən distant işi gələcəyin idarəetmə modeli hesab edirəm və bu istiqamətdə doğru hüquqi çərçivənin formalaşdırılması həm dövlət, həm də vətəndaşlar üçün müsbət nəticələr verəcək”,- deyə R.Nurullayev fikrini tamamlayıb.

Sizə yeni x var
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?