Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün Rusiya silahlı qüvvələrinin Ukraynanın Odessa vilayətinə raket zərbəsi endirdiyini və nəticədə Çernomorsk limanında mülki gəminin zədələndiyini bildirib
Hadisə ilə bağlı yayılan foto və videolara əsasən, zərbəyə məruz qalan gəminin Türkiyənin "Cenk RoRo" şirkətinə aid olduğu bildirilir.
Ukrayna mediasının yaydığı məlumata görə, Panama bayrağı altında üzən "Cenk RoRo" gəmisi Türkiyənin Karasu limanından Rumıniyaya doğru hərəkət edirmiş. Gəminin sahibi Türkiyənin yük avtomobilləri və qoşquların daşınması üzrə ixtisaslaşan "Cenk Shipping RoRo" şirkətidir. Sosial şəbəkələrdə yayılan fotolarda zərbə anında gəmidə yük maşınlarının olduğu da görünür. İlkin məlumatlara əsasən, hücum iki “İskander-M” raketi ilə həyata keçirilib. "Reuters" həmçinin gəmi sahibinin Türkiyə vətəndaşı olduğunu qeyd edir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Türkmənistanda Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Rusiya və Ukraynanın limanlara və enerji infrastrukturlarına zərbələrə moratorium elan etməsini təklif edib. Çernomorsk limanında baş verən bu insident isə həmin təklifdən qısa müddət sonra qeydə alınıb.
Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Yıldırım Tuğrul bildirib ki, hadisənin araşdırılmasına ehtiyac var:
“Hadisənin baş verməsindən hələ qısa müddət keçib. Ötən gün baş verən bu olay detallı araşdırılmalı və müvafiq açıqlamalar verilməlidir. İki tərəfin döyüşdüyü bir vaxtda üçüncü tərəflərin özəlliyinə və qorunmasına diqqət edilməlidir. Bundan çox qısa müddət əvvəl Qara dənizdə sahilə yaxın ərazidə iki gəmi dron hücumu ilə vurulmuşdu. O zaman da hücumu Ukraynanın etdiyi bildirildi. Ona görə də, bu hadisələrə dərhal reaksiya verməmək lazımdır. Baş verənləri anlamaq gərəklidir. Məsələn, İsraildə jurnalistlər də öldürülür. Bu da xətadır. Beynəlxalq anlaşmalar mövcuddur. Bu anlaşmalara bütün ölkələrin tabe olması lazımlıdır. Prioritet cənab Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, üçüncü tərəflərə əsla ziyan vurulmamalıdır”.
![]()
Y.Tuğrul vurulan gəmiyə görə təzminat alınması məsələsinə isə belə münasibət bildirib:
“Məsələ təzminat deyil. Bu hadisənin niyə və necə edildiyi başa düşülməlidir. Təzminat vurulan gəmi ilə əlaqədardır. Beynəlxalq hüquq baxımdan Türkiyə regionda vacib ölkədir və bir çox məsələlərdə sülhün təminatçısıdır. Türkiyənin gəmilərinə bilə-bilə hücumlar olursa, onu ayrıca formada qiymətləndirmək lazımdır”.