Modern.az

İzmirdə Heydər Əliyevin xatirəsi anıldı - FOTO

İzmirdə Heydər Əliyevin xatirəsi anıldı - FOTO

Aktual

13 Dekabr 2025, 22:47

Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar təkcə ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində də anım tədbirləri keçirilib.

Modern.az xəbər verir ki, belə tədbirlərdən biri qardaş Türkiyənin İzmir şəhərində təşkil olunub. Ulu öndər iki gün davam edən anım proqramı çərçivəsində hörmət, ehtiram və minnətdarlıqla yad edilib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən birgə təşkil olunan tədbirlər geniş iştirakla və duyğulu anlarla yadda qalıb.

Anım proqramının ilk günü İzmirin Karşıyaka rayonunda yerləşən Heydər Əliyev Parkında keçirilib. Parkdakı Heydər Əliyev büstü önünə çələng və gül dəstələri qoyulub. Ardınca Karşıyaka Bando Komandasının müşayiəti ilə bir dəqiqəlik sükut elan edilib, Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Mərasimin təşkilində Karşıyaka Bələdiyyəsinin dəstəyi xüsusi rol oynayıb. Bələdiyyənin təmin etdiyi texniki imkanlar, məkanın təşkili və logistika dəstəyi sayəsində tədbir yüksək səviyyədə və nizamlı şəkildə baş tutub. Rəsmi şəxslər Karşıyaka Bələdiyyəsinin dəstəyi ilə anım mərasiminin daha genişmiqyaslı və təşkilatlanmış formada keçirildiyini qeyd ediblər.

Tədbirdə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbərliyi, İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, siyasi partiya təmsilçiləri, akademiklər və çoxsaylı vətəndaşlar iştirak ediblər. Çıxışlarda Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu olduğu, Azərbaycan–Türkiyə münasibətlərini strateji dövlət siyasəti səviyyəsinə yüksəltdiyi vurğulanıb.

Anım proqramının ikinci günü Heydər Əliyevin ruhuna duaların oxunduğu, ehsan süfrəsinin təşkil edildiyi mənəvi mühitdə davam edib. Bu mərasimdə Ulu Öndərin siyasi irsi, dövlətçilik baxışları və Türk dünyasına verdiyi töhfələr geniş şəkildə müzakirə olunub.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Pərviz Məmmədzadə çıxışında Heydər Əliyevin böyük siyasətçi və güclü dövlət xadimi olduğunu qeyd edərək müasir və müstəqil Azərbaycanın əsaslarının məhz onun rəhbərliyi ilə formalaşdığını bildirib.

İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Əşrəf Tuna Heydər Əliyevin uzaqgörən siyasətinin bu gün Azərbaycanın regionda söz sahibi olan dövlətə çevrilməsində həlledici rol oynadığını vurğulayıb.

Bilkent Universitetinin müəllimi, Azərbaycanlı Alimlər Dərnəyinin sədri professor Əmrullah Məmmədov Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək onun Qarabağ məsələsində beynəlxalq arenada sərgilədiyi prinsipial və qətiyyətli mövqedən danışıb. O, həmçinin 1970-ci illərdə Türkiyənin çətin dövründə Heydər Əliyevin göstərdiyi siyasi və diplomatik dəstəyə diqqət çəkib.

Dokuz Eylül Universitetinin müəllimi professor Gülmira Kuroğlu Heydər Əliyevin təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün yol göstərən lider olduğunu qeyd edərək bu günkü Azərbaycanın siyasi və institusional əsaslarının onun vizyonu əsasında formalaşdığını bildirib.

Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Qaffar Hangül isə çıxışında Heydər Əliyevin Azərbaycanı güclü və müstəqil dövlətə çevirən lider olduğunu vurğulayıb. Onun sözlərinə görə, Heydər Əliyev Türkiyə–Azərbaycan həmrəyliyini sadəcə şüar səviyyəsində deyil, dövlət siyasəti səviyyəsində formalaşdırıb və bu mirasın qorunması hər kəsin ortaq məsuliyyətidir.

Professor İskender Askeroğlu isə Heydər Əliyevin böyük maraqla dinlədiyi şair Bəxtiyar Vahabzadənin bir şeirini səsləndirərək mərasimə ədəbi və duyğulu çalar qatıb.

Hər iki gün keçirilən tədbirlərin aparıcılığını Azərbaycanda və Türkiyədə tanınan sənətçi Roza İbadova Kocamaz həyata keçirib. O, mərasimlər zamanı Heydər Əliyevin sevdiyi Azərbaycan şeirlərini səsləndirərək iştirakçılara kövrək anlar yaşadıb.

Tədbirin sonunda Heydər Əliyevin həyat yolunu, siyasi fəaliyyətini və Azərbaycan dövlətçiliyinə verdiyi töhfələri əks etdirən sinevizyon nümayiş olunub. Daha sonra mərhum liderin çox sevdiyi “Küçələrə su səpmişəm” mahnısı iştirakçılar tərəfindən birgə səsləndirilib.

İzmirdə keçirilən bu iki günlük anım proqramı Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və Azərbaycan–Türkiyə qardaşlığına verdiyi strateji töhfələrin illər keçsə də aktuallığını qoruduğunu bir daha nümayiş etdirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?