Modern.az

Kişilər arasında sifilis artır – həkim xəbərdarlıq etdi 

Kişilər arasında sifilis artır – həkim xəbərdarlıq etdi 

Aktual

15 Dekabr 2025, 18:06

Azərbaycanda son dövrlərdə sifilis xəstəliyinə yoluxma hallarında artım müşahidə olunur. Sosial şəbəkələrdə və müxtəlif müraciətlərdə bu tendensiyanı görmək mümkündür.

Modern.az-a danışan dermatoveneroloq Dr. Miryaqub Bağırlı açıqlamasında qeyd edib ki, sifilis həm dəri, dırnaq, saçlar, həmçinin ürək, sinir sistemi, dayaq-hərəkət sistemi və qaracərərə ziyan vura bilən cinsi yolla yoluxan infeksion xəstəlikdir.

Xəstəliyin əsas ötürülmə yolu cinsi yoldur. Lakin bəzən yoluxma anadan dölə transplasentar yolla, təcili qan köçürmələri zamanı xəstə donor vasitəsilə, eləcə də tibbi prosedurlar zamanı həkimlər vasitəsilə baş verə bilər. Dr. Bağırlı bildirib ki, təhlükəli halların çoxu təsadüfi, qorunmasız cinsi əlaqələr nəticəsində baş verir.

Həkim vurğulayıb ki, Azərbaycanda insanlar cinsi yolla yoluxan xəstəliklər barədə uzun müddət həkimə müraciət etmirlər. Adətən xəstəlik digər fəsadlar əmələ gəldikdən sonra aşkarlanır ki, bu da sifilisin yayılmasına və ağırlaşmalara səbəb olur. O, sifilisin ilkin infeksiya mərhələsində müalicəsinin mümkün olduğunu, ikinci və üçüncü mərhələdə isə daha ağır fəsadlara yol açdığını, çox sayda orqan və sistemin zədələnməsi ilə nəticələndiyini deyib

Dr. Bağırlı qeyd edib ki, müalicə olunmamış hamilə qadınlardan dölə yoluxma halları mümkündür. Eyni zamanda, siflisə yoluxanlarda çox hallarda digər cinsi yolla yoluxan infeksiyalar da müşahidə edilir ki, bu da müalicə müddətini uzadır və fəsad riskini artırır. Profilaktika üçün insanların sifilis barədə maariflənməsi, qoruyucu vasitələrdən istifadə etməsi və dövri tibbi müayinələrdən keçməsini vacib sayır. 

Bütün bu tədbirlər sifilisə yoluxma hallarının azalmasına və xəstəliyin ağır mərhələlərinin qarşısının alınmasına kömək edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır