AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC 26 noyabr 2025-ci il tarixində keçirilmiş müvafiq sertifikasiyadan uğurla keçərək keyfiyyətin idarə olunması üzrə beynəlxalq tələblərə uyğunluğunu təsdiqləyib.
Modern.az xəbər veri ki, audit nəticəsinə əsasən, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması Orqanı tərəfindən “Azərpoçt” MMC-yə “Keyfiyyətin İdarəetmə Sistemləri – Tələblər” (ISO 9001:2015) standartına uyğunluğu təsdiq edən Uyğunluq Sertifikatı təqdim edilib. Sertifikatın tətbiq sahəsi poçt xidmətlərinin göstərilməsini əhatə edir.
“ISO” standartlarının tətbiqi müştərilərin “Azərpoçt”a olan etibarını artırmaqla yanaşı, əməkdaşların motivasiyasının yüksəlməsinə, daxili proseslərin daha şəffaf və sistemli şəkildə qurulmasına şərait yaradır. Bu isə göstərilən xidmətlərin keyfiyyətinin davamlı inkişafına birbaşa töhfə verir. Çünki “ISO 9001:2015” standartı müştəri məmnuniyyətini yalnız bir hədəf kimi deyil, şirkətin gündəlik fəaliyyətinin mərkəzi prinsipi kimi müəyyənləşdirir.
Bu sertifikat “Azərpoçt”un mükəmməlliyə doğru atdığı ardıcıl və inamlı addımının, həmçinin beynəlxalq keyfiyyət idarəetmə tələblərinə tam uyğunluğunun və müştəri məmnuniyyətinə verilən yüksək önəmin növbəti təsdiqidir.