Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə uşaq və ailələrə dəstək məqsədilə yeni mərkəzlərin açılması nəzərdə tutulur.
Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə keçirilmiş mediatur çərçivəsində mərkəzin direktoru Sitarə Əhmədova bildirib.
Qeyd edilib ki, hazırda ölkə ərazisində uşaq və ailələrə dəstək məqsədilə ümumilikdə 11 mərkəz fəaliyyət göstərir. Hər bir mərkəz yerləşdiyi ərazi üzrə bütün kənd və qəsəbələrə xidmət edir.
Mediaturda bildirilib ki, 2025-ci il üzrə təkcə Xəzər rayonu üzrə məişət zorakılığına məruz qalan qadınların sayı 6, kişilərin sayı isə 1 nəfər olaraq qeydə alınıb.
Bildirilib ki, onlara mühafizə orderi verilib.
Qeyd olunub ki, mərkəzə edilən ümumi müraciətlər əsasən ailədaxili münaqişələr, sosial və maddi problemlər, zorakılıq halları, sığınacağa ehtiyac və mövcud xidmətlərdən istifadə məqsədi ilə bağlıdır. Mərkəz tərəfindən daha çox erkən nikah, məişət zorakılığı, təhsildən yayınma, ağır sosial vəziyyət və zərərli vərdişlər kimi halların aşkar edilərək müvafiq tədbirlərin görülməsi təmin olunur.