Azərbaycan həmkarlar ittifaqlarının üzvlərinin sayı 1 milyondan çoxdur.
Modern.az xəbər verir ki, bu barədə Həmkarlar İttifaqları Konfederasiyasının VIII qurultayında sədr Sahib Məmmədov məlumat verib. Onun sözlərinə görə, üzvlərin 50,4 faizini qadınlar, 49,6 faizini isə kişilər təşkil edir. Seçkili orqanlarda qadınların təmsilçiliyi 56 faizi ötüb:
"Bu göstərici həmkarlar ittifaqlarında qadınların rolunun və ictimai fəallığının getdikcə artdığını nümayiş etdirir.
Əsas prioritet istiqamətlərdən biri gənclərin həmkarlar ittifaqları sıralarına daha fəal cəlb olunması, onlara təşkilati işin metod və prinsiplərinin öyrədilməsi, eləcə də hərəkatda yeni lider nəslinin formalaşdırılmasıdır. Qeyd edək ki, üzvlərin 20 faizdən çoxunu gənclər təşkil edir. Həmkarlar ittifaqları təşkilatlarında çalışanların isə 11,9 faizi gənclərdir.
Sahib Məmmədov qeyd edib ki, əmək və sosial-iqtisadi hüquqların müdafiəsi ilə bağlı 2018-2024-cü illər ərzində ümumilikdə 45,9 min müraciətə baxılıb, onlardan 88,9 faizi müsbət həll edilib, 1000-dən artıq üzvümüz işə bərpa olunub.
Sahib Məmmədov əlavə edib ki, 2024-2025-ci illər ərzində 300 minə yaxın həmkarlar ittifaqı üzvünə dəstək göstərilib.
Onun sözlərinə görə, hazırda 209 şəhid ailəsinin 378 üzvü Konfederasiya və üzv təşkilatların himayəsindədir.
Sədr qeyd edib ki, AHİK-in fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün zəruri informasiya texnologiyaları infrastrukturu qurulub:
"Təkcə bu ilin ötən dövründə 38 mindən artıq yollayış verilərək 76 mindən çox vətəndaşın güzəştli şərtlərlə istirahət və müalicəsi təşkil edilib".