Gəncə Dövlət Universitetində Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əliyevin əziz xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
Modern.az xəbər verir ki, universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək görkəmli alimin xalqa, vətənə göstərdiyi misilsiz xidmətlərindən bəhs edib, alimlə bağlı xatirələrini bölüşüb.
Qeyd edib ki, həyat və fəaliyyətinin bir hissəsi Gəncə şəhəri ilə bağlı olan akademik Həsən Əliyev ömrünü Azərbaycan elminin inkişafına, əsasən təbiətin, ətraf mühitin qorunmasına həsr edib. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirib.
Botanika kafedrasının müdiri Vaqif Novruzov akademik Həsən Əliyevin elmi fəaliyyəti barədə ətraflı danışıb. Diqqətə çatdırıb ki, akademik Həsən Əliyev təbiətşünas və coğrafiyaçı, torpaqşünas və ekoloq kimi həm Azərbaycanda, həm də dünya miqyasında tanınmışdır.
Tədbirdə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova “Həsən Əliyev Azərbaycan ekologiya elminin banisidir”, Coğrafiya kafedrasının əməkdaşları Nəsibə Hacıyeva “Akademik Həsən Əliyevin Coğrafiya elminin inkişafında rolu” və Arifə Əhmədli “Azərbaycan təbiətinin qorunmasında akademik Həsən Əliyevin xidmətləri” mövzularında çıxış ediblər. Məruzəçilər görkəmli alimin coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin inkişafında müstəsna xidmətlərindən danışıblar. Qeyd edilib ki, Həsən Əliyev elmi fəaliyyətində müasir dövrdə ən mühüm qlobal məsələ olan təbiətin bütövlüyünün qorunmasına və bioloji müxtəlifliyin mühafizə olunmasına xüsusi önəm verib.
Daha sonra akademik Həsən Əliyevin fəaliyyətinə hərs olunmuş videoçarx nümayiş olunub.