Modern.az

Penitensiar xidmət işçi axtarır

Penitensiar xidmət işçi axtarır

Aktual

16 Dekabr 2025, 16:14

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının tabor və bölüklərində, həmçinin qərargah və atıcı tağımında çavuş və gizir heyətinin hərbi xidmətə qəbulu ilə bağlı müsabiqə elan edilib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün çavuş və gizir heyəti üzrə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə cavab verən, azı tam orta təhsilli, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmamış, fiziki sağlam, ikili vətəndaşlığı olmayan, digər dövlətlər qarşısında öhdəlikləri olmayan 40 yaşınadək hərbi vəzifəli Azərbaycan Respublikası vətəndaşları dekabrın 16-dan 26-dək müraciət edə bilərlər.

Mühafizə Alayında həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən şəxslərin sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması Nazirliyin Tibb baş idarəsinin Hərbi-həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə, fiziki hazırlığı isə Komissiya tərəfindən Azərbaycan Respublikası ədliyyə nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qulluğa qəbul edilən şəxslərin fiziki hazırlığının yoxlanılması Qaydaları”na uyğun olaraq yoxlanılır.

Ərizələri tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti, hərbi biletin əsli və surəti, tərcümeyi-hal və təhsil haqqında dövlət sənədinin əsli) birlikdə Mühafizə alayının Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn ünvanında yerləşən inzibati binasında müsabiqə komissiyasına təqdim etmək mümkündür.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan yoxlamaların nəticələrinə əsasən hərbi xidmətə qəbulu mümkün bilinən namizədlərlə müsahibə keçiriləcək və uğur qazanmış namizədlərin təyinat məsələsinə baxılacaqdır.

Maraqlanan şəxslər müsabiqənin keçirilməsi ilə bağlı (012) 514-90-06, (012) 514-90-24 nömrəli telefonlar vasitəsilə əlavə məlumat əldə edə bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır