Modern.az

İqor Babuşkin Azərbaycandadır - Fotolar

İqor Babuşkin Azərbaycandadır - Fotolar

Aktual

16 Dekabr 2025, 17:33

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycanda rəsmi səfərdədir.

Modern.az xəbər verir ki, səfər çərçivəsində İ. Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 16-sı Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Qonaqlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.

Sonra “Qardaşlıq məzarı” memorial kompleksi və Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin abidəsi ziyarət olunub.

Səfər çərçivəsində Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Qubadlı rayonuna səfər edib. Qonaqları Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müşayiət edib.

Heyət üzvləri Qubadlının Mahruzlu kəndində Həştərxan vilayəti tərəfindən hədiyyə olunaraq inşa edilən uşaq bağçasında görülən işlərə baxış keçiriblər. Bildirilib ki, işğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Qubadlı rayonunda da tikinti-quruculuq işləri aparılır. Yenidən qurulan Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Tikinti işləri mərhələli şəkildə aparılır, ilkin mərhələ üzrə ərazidə 190 fərdi yaşayış evi inşa olunur və işlərin 70 faizi icra edilib. Kənddə 264 şagird yerlik məktəb binası və 80 yerlik uşaq bağçasının tikintisi davam edir, bu obyektlərdə tikinti ilkin mərhələ üzrə yekunlaşmaq üzrədir.

Bildirilib ki, 80 yerlik uşaq bağçasının Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq inşa edilməsi sevindirici haldır və qonşu Rusiya dövlətinin Azərbaycanla sıx dostluq münasibətinin bariz nümunəsidir.

Səfər çərçivəsində Baş nazir Əli Əsədov Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib. Görüş zamanı Azərbaycanın Rusiyanın müxtəlif subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlığı qeyd olunub. İqtisadi-ticari sahədə və investisiya sektorunda qarşılıqlı fəaliyyətin artırılması, nəqliyyat-logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulanıb. Həştərxan vilayəti tərəfindən Qubadlı rayonunda uşaq bağçasının inşası qeyd edilib. Söhbət zamanı “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına, həmçinin Xəzər dənizinin dayazlaşması probleminə xüsusi diqqət yetirilib.

 












Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır