Vatsap mesencerinə bir sıra yeni funksiyalar əlavə edilib.
Modern.az xəbər verir ki, yeniliklər buraxılmış zənglər üçün səsli və videomesaj buraxmaq imkanı, qrup zənglərində emoji reaksiyaları, “Status” bölməsi üçün interaktiv stikerlər və süni intellekt alətlərinin yenilənməsini əhatə edir.
İstifadəçi zəngə cavab vermədikdə zəng edən şəxs birbaşa çat vasitəsilə qısa səsli və ya videomesaj göndərə biləcək.
Qrup səsli zənglərində emoji reaksiyaları natiqi kəsmədən münasibət bildirməyə imkan verir, videozənglərdə isə aktiv danışan avtomatik ön plana çıxarılır.
Bundan əlavə, süni intellekt alətləri təkmilləşdirilib: mətn sorğuları əsasında daha detallı şəkillər yaratmaq və paylaşılan görüntüləri qısa animasiyaya çevirmək mümkündür. “Status” bölməsinə əlavə edilən emoji və sual stikerlərinə göndərilən cavablar yalnız status müəllifinə görünür və “Aktivlik” bölməsində idarə olunur. Oxşar funksiya kanallarda da tətbiq edilib.
Şirkətin məlumatına görə, yeni funksiyalar iOS, Android və masaüstü platformalarda mərhələli şəkildə istifadəyə verilir və onların əlçatanlığı istifadəçinin cihazı və bölgəsindən asılıdır.