Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə Komitənin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur təşkil olunub.
Modern.az xəbər verir ki, mediatur çərçivəsində Xəzər rayonunda fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyəti və əhaliyə göstərilən sosial-psixoloji xidmətlər barədə geniş məlumat verilib.
Təqdimat zamanı mərkəzin əsas fəaliyyət istiqamətləri, xidmət göstərdiyi əhali qrupları və cari statistik göstəricilər diqqətə çatdırılıb. Bildirilib ki, 2007-ci ildən fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi həftənin iş günləri saat 09:00-dan 18:00-dək vətəndaşlara xidmət göstərir. Hazırda mərkəzdə 13 əməkdaş çalışır. Onların sırasında 1 direktor, 1 baş mühasib, 2 psixoloq, 1 sosial pedaqoq, 6 sosial iş üzrə mütəxəssis və 3 texniki işçi yer alır.
Qeyd olunub ki, 2025-ci il üzrə Xəzər rayonunun əhalisinin ümumi sayı 287 030 nəfər, ailələrin sayı isə 67 032-dir. Rayonda 0-18 yaşlı oğlanların sayı 28 500, qızların sayı isə 25 287 nəfər təşkil edir.
Məlumata görə, 2025-ci il ərzində Xəzər rayonu üzrə məişət zorakılığına məruz qalan 6 qadın və 1 kişi qeydə alınıb. Həmin şəxslərdən 7-nə mühafizə orderi verilib.
Bildirilib ki, mərkəzə edilən müraciətlərin əsas hissəsi ailədaxili münaqişələr, sosial və maddi problemlər, zorakılıq halları, sığınacağa ehtiyac və mövcud xidmətlərdən istifadə ilə bağlıdır. Mərkəz tərəfindən erkən nikah, məişət zorakılığı, təhsildən yayınma, ağır sosial vəziyyət və zərərli vərdişlərlə bağlı hallar aşkarlanaraq müvafiq tədbirlərin görülməsi təmin olunur.
Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əsas hədəf qruplarına aztəminatlı və natamam ailələr, şəhid və qazi ailələri, sağlamlıq imkanları məhdud şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar, erkən nikah və məişət zorakılığı qurbanları, ahıllar, məcburi köçkünlər, zərərli vərdişlərdən istifadə edən şəxslər, cəzaçəkmə müəssisələrindən azad olunanlar, eləcə də gənc və nümunəvi ailələr daxildir.
Mərkəzin əsas xidmətləri sırasında uşaqlarla psixoloji iş, sosial reabilitasiya tədbirləri, Denver II inkişaf testinin tətbiqi, ailələrlə fərdi və qrup şəklində psixoloji dəstək xidmətləri yer alır.
Qeyd edək ki, mərkəzin fəaliyyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müvafiq prinsip və tələblərinə uyğun şəkildə həyata keçirilir və əsas məqsəd risk qrupuna aid ailə və uşaqların sosial müdafiəsinin gücləndirilməsidir.







