Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Azərbaycan dövlət idarəçiliyində humanizm anlayışının sistemli və dərin məzmunlu siyasət xətti olduğunu bir daha nümayiş etdirir. Bu təşəbbüs hüquqi prosedur çərçivəsindən kənara çıxaraq dövlətlə vətəndaş arasında mənəvi bağlılığı gücləndirən, ictimai vicdana ünvanlanan mühüm mesaj mahiyyəti daşıyır. Burada əsas yanaşma cəzanın özü deyil, insan taleyinə mərhəmətli, həssas və məsuliyyətli münasibətdir.
Amnistiya təşəbbüsündə xüsusi yer ayrılan kateqoriyalar Azərbaycanın son illərdə keçdiyi tarixi yolun məntiqi davamı kimi dəyərləndirilməlidir. Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan mübarizədə iştirak etmiş şəxslərə, şəhid ailələrinə və müharibənin ağır nəticələrini yaşamış vətəndaşlara göstərilən bu yanaşma dövlətin öz tarixi məsuliyyətini dərk etməsinin ifadəsidir. Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri zamanı göstərilən qəhrəmanlıq nümunələrinin amnistiya aktında ayrıca vurğulanması dövlət başçısının milli yaddaşa və tarixi ədalətə verdiyi önəmin göstəricisidir. Qadınlara, yaşlılara, yetkinlik yaşına çatmayanlara, eləcə də ehtiyatsızlıqdan və az ağır cinayətlər törətmiş şəxslərə münasibətdə tətbiq olunan humanist yanaşma hüququn cəmiyyət üçün qoruyucu və bərpaedici, islahedici funksiyasını ön plana çıxarır. Bu addım həmin şəxslərin yenidən ictimai həyata qayıdaraq faydalı fərd kimi formalaşmasına real zəmin yaradır və cəmiyyətin sağlamlaşmasına xidmət edir.
Amnistiya aktının geniş əhatə dairəsi onun ölkə tarixində mühüm sosial hadisə kimi qiymətləndirilməsinə əsas verir. Minlərlə ailənin həyatına birbaşa təsir göstərəcək bu qərar penitensiar sistemdə yükün azalması ilə yanaşı, cəmiyyətdə sosial harmoniya, hüquqi sabitlik və dövlətə inam mühitinin möhkəmlənməsinə mühüm töhfə verir. Güclü dövlət modeli məhz bu cür qarşılıqlı etimad üzərində formalaşır.
Mahiyyət etibarilə, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Azərbaycan dövlətinin gücünün yalnız siyasi və hərbi imkanlarla ölçülmədiyini, eyni zamanda mənəvi məsuliyyət, sosial ədalət və humanitar dəyərlər üzərində qurulduğunu təsdiqləyir. Dövlət başçısının bu müdrik qərarı balanslı və uzaqgörən idarəçilik nümunəsi kimi cəmiyyət tərəfindən də yüksək qiymətləndirilir.
Cavanşir Feyziyev
17 dekabr 2025-ci il