Modern.az

Rektor: 50 ildə 70 min mütəxəssis yetişdirmişik

Rektor: 50 ildə 70 min mütəxəssis yetişdirmişik

Aktual

18 Dekabr 2025, 13:32

Dekabrın 18-də Gülüstan Sarayında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə təntənəli yığıncaq keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri, yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, AzMİU-nun professor-müəllim heyəti, əməkdaşları və məzunları iştirak ediblər.

Rəsmi tədbirdə çıxış edən rektor, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova bildirib ki, AzMİU-nun 50 illik yubileyi universitetin keçdiyi şərəfli yola, formalaşdırdığı elmi məktəbə və ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə nəzər salmaq üçün bir fürsətdir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra ölkəmizin hərtərəfli inkişaf dinamikasının daha da sürətləndiyini vurğulayan rektor, son illərdə təhsil sahəsində həyata keçirilən islahatlara diqqət çəkib. Təhsilin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, rəqəmsal və hibrid tədris modellərinin tətbiqi, eləcə də insan kapitalının inkişafına yönəlmiş məqsədyönlü siyasətin AzMİU-nun inkişafına təsirindən danışıb.

“Bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan böyük quruculuq işləri, şəhərsalmanın vüsət alması, “ağıllı şəhər”, “yaşıl memarlıq”, enerji effektli tikinti kimi çağdaş yanaşmalar memarlıq və inşaat təhsilinə yeni tələblər formalaşdırır. AzMİU bu çağırışlara cavab vermək üçün yenilənmiş təhsil proqramları, mütəxəssis hazırlığının yeni strukturu, gücləndirilmiş elmi baza, beynəlmiləlləşmə və rəqəmsal transformasiya istiqamətində ardıcıl addımlar atır”, - deyə, professor Gülçöhrə Məmmədova əlavə edib.

Rektor çıxışında yubley ərəfəsində AzMİU-nun seçdiyi devizə də diqqət çəkib: ““Əsrə bərabər 50 il” devizini seçməyimiz təsadüfi deyil. Bu yarım əsr təkcə universitetin yaşı deyil – Azərbaycanın sürətli inkişaf yoluna verilmiş töhfələrin, minlərlə memar və mühəndisin yetişdirilməsi ilə formalaşan intellektual gücün, ölkənin quruculuq və bərpa işlərində ön sıralarda dayanmağının ifadəsidir. Eyni zamanda, bu, 1920-ci ildə yaradılmış İnşaat fakültəsindən başlayaraq toplanmış bütün təhsil təcrübəsinin və nailiyyətlərin universitetin bünövrəsini təşkil etməsinin göstəricisidir”.

Professor Gülçöhrə Məmmədova, 50 il ərzində universitetdən 70 mindən çox memar, inşaat, nəqliyyat, hidrotexniki və meliorativ tikinti mühəndisi məzun olduğunu deyib: “Respublikanın, demək olar ki, bütün iri tikinti layihələrində, şəhərsalma planlaşdırılmasında, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasında AzMİU məzunlarının imzası var. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərinin əsas icraçıları, layihə rəhbərləri, sahə mühəndisləri də məhz bizim məzunlardır. Bu fakt bir daha sübut edir ki, AzMİU yalnız təhsil müəssisəsi deyil, ölkənin inkişaf strategiyasının həyata keçirilməsində rolu olan milli intellekt mərkəzidir”.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Azərbaycan Memarlıq və İnşaat Universitetinin ölkənin mühəndislik və memarlıq potensialının formalaşmasında aparıcı ali təhsil ocaqlarından biri kimi mühüm rol oynadığını vurğulayıb. Nazir qeyd edib ki, universitetin çoxillik elmi-pedaqoji ənənələri, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və innovativ yanaşmaları AzMİU-nu ölkənin strateji təhsil mərkəzlərindən birinə çevirib.

Çıxış zamanı bildirilib ki, AzMİU-da həyata keçirilən təhsil islahatları, beynəlxalq akkreditasiyalar və xarici ali məktəblərlə qurulan əməkdaşlıqlar universitetin qlobal ali təhsil məkanında mövqeyinin möhkəmlənməsinə xidmət edir. Nazir beynəlxalq reytinqlərdə əldə olunan nəticələrin məqsədyönlü fəaliyyətin göstəricisi olduğunu, bu nailiyyətlərin həm akademik keyfiyyətin yüksəldilməsi, həm də elmi tədqiqatların genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Emin Əmrullayev bildirib ki, inkişafın birinci əsas meyarı rəqabət və ədalət prinsiplərinin təmin edilməsidir. Bu prinsiplər sağlam akademik mühitin formalaşmasına və davamlı tərəqqiyə zəmin yaradır.

Nazir qeyd edib ki, inkişafın ikinci mühüm meyarı əməkdaşlıqdır. AzMİU-nun yubiley mərasimində yerli və xarici ali təhsil müəssisələrinin, dövlət qurumlarının, elmi təşkilatların nümayəndələrinin geniş tərkibdə iştirakı universitetin əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu nümayiş etdirir.

Emin Əmrullayevin sözlərinə görə, elmi tədqiqatların keyfiyyətinin artırılması təhsilin keyfiyyətinə birbaşa müsbət təsir göstərir. AzMİU-da bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyət də ali təhsilin məzmununun zənginləşdirilməsinə və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir.

Nazir AzMİU-nun mühüm sosial və strateji layihələrdə fəal iştirakını xüsusi qeyd edib. Bildirib ki, Kəlbəcər şəhərində orta məktəbin tikintisi, eyni zamanda Qarabağ Universitetinin inşası zamanı AzMİU-nun mühəndislərinin göstərdiyi fəallıq bu gün 50 illiyini qeyd edən ali təhsil ocağının işğaldan azad olunmuş ərazilərin bərpasına verdiyi töhfənin bariz nümunəsidir.

Daha sonra AzMİU-nun 50 illik inkişaf yolunu, elmi-pedaqoji nailiyyətlərini və gələcək strateji hədəflərini əks etdirən təqdimat filmi nümayiş etdirilib.

Rəsmi hissənin davamında yubiley münasibətilə universiteti təbrik edən qonaqlar çıxış edib, Azərbaycan Memarlıq və İnşaat Universitetinin ötən illər ərzində qazandığı zəngin təcrübə və formalaşdırdığı güclü elmi-tədris mühiti barədə ətraflı söz açıblar. Qonaqlar universitetin milli ali təhsil sistemində tutduğu mövqeyi yüksək qiymətləndiriblər.

Tədbirin sonunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin inkişafına töhfə vermiş tərəfdaş qurumlar səmərəli əməkdaşlığa görə universitet rəhbərliyi tərəfindən təltif olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır