Modern.az

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

Aktual

18 Dekabr 2025, 14:46

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi təşəbbüsü dövlətimizin humanizm və sosial ədalət prinsiplərinə sadiqliyinin təzahürüdür. Ümummilli Liderin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya müasir dövlətçiliyimizin möhkəm təməlinin formalaşmasında mühüm rola malikdir.

Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu ölkəmizin davamlı və dayanıqlı tərəqqisinə zəmin yaratdı.

Prezident İlham Əliyev müdrik rəhbərliyi ilə uğurla davam etdirilən bu siyasət qüdrətli Azərbaycanın formalaşmasını təmin etdi.

Prezident İlham Əliyevin müdrikliklə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dövlət idarəçiliyinin əsas prioritetlərindəndir. Bu gün qanun qarşısında hər kəs bərabər olduğu Azərbaycanda mərhəmət və humanizm prinsipləri dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib.

Belə ki, cinayət-hüquq siyasətində cəzadan istifadə həm də tərbiyəedici və sosial adaptasiya funksiyasını yerinə yetirir. Bu baxımdan, amnistiya təşəbbüsü vətəndaşlara ikinci şans vermək və onların cəmiyyətə faydalı fəaliyyət göstərmələrini təmin etmək məqsədini daşıyır.

Möhtərəm Prezidentimiz tərəfindən təklif olunan amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir. Onun çərçivəsində Vətən müharibəsi və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, həlak olmuş və ya itkin düşmüş döyüşçülərin yaxın qohumları, mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil olmuş şəxslər, qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər kateqoriyadan olan şəxslər cəzadan azad olunacaqlar. Eyni zamanda, böyük ictimai təhlükə törətməyən, az ağır cinayət törətmiş və ya ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərin azadlıqdan məhrumetmə cəzaları ya ləğv ediləcək, ya da azaldılacaq.

Ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək bu amnistiya aktı müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı humanist təşəbbüs kimi diqqət çəkir.

Ölkə başçısının təşəbbüsü Azərbaycan dövlətinin daim hər bir vətəndaşının yanında olduğunu, ona bütün lazımi dəstəyi verdiyinin daha bir təzahürü, dövlət–vətəndaş münasibətlərində humanist yanaşmaya verilən önəmin göstəricisidir.

Şahin İsmayılov

Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır