Modern.az

Dövlət hesabına dərmanlar: pozitiv siyahı mərhələli şəkildə artacaq

Dövlət hesabına dərmanlar: pozitiv siyahı mərhələli şəkildə artacaq

Aktual

18 Dekabr 2025, 16:25

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin pozitiv siyahıya daxil edilməsini mərhələli şəkildə həyata keçirəcək. Siyahıya daxil edilən dərmanlar Xidmətlər Zərfində nəzərdə tutulan beynəlxalq patentləşdirilməmiş adlara uyğun seçiləcək.

Modern.az-ın sorğusuna cavab olaraq Agentlikdən bildirilib ki, ilkin mərhələdə ürək-qan damar sistemi xəstəliklərinin müalicəsində istifadə olunan dərman vasitələri pozitiv siyahıya salınacaq. Növbəti mərhələlərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərmanların əlavə olunması nəzərdə tutulur.

Qeyd olunub ki, pozitiv siyahıya daxil edilən hər bir dərman klinik protokollara uyğun seçiləcək. Ekvivalent dərman qruplarında ən azı bir preparat tam şəkildə sığorta hesabına, yəni müştərək maliyyələşmə olmadan təmin edilə bilər.

Ambulator dərman təminatının icrası üçün Agentlik özəl apteklərlə əməkdaşlıq quracaq. Lisenziyası olan və sertifikatlı əczaçılardan ibarət heyətə malik apteklər könüllü əsaslarla müraciət edə bilərlər. Müraciətlər əsasında Agentliklə apteklər arasında müvafiq müqavilələr bağlanacaq.

Pozitiv siyahının formalaşdırılmasında yerli və xarici dərman istehsalçıları ilə əməkdaşlıq da nəzərdə tutulur. Yerli istehsal olunan dərmanların siyahıya daxil edilməsi üçün meyarlar daha sadə müəyyən edilib ki, bu da dərmanların əlçatanlığını artırmağa xidmət edir.

Agentlik vurğulayıb ki, ölkədə dərman qiymətləri tənzimləndiyi üçün yalnız qlobal bahalaşma və tələbatın artması maliyyə dayanıqlığına təsir göstərə bilər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır