Modern.az

Narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxundu

Narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxundu

Aktual

18 Dekabr 2025, 16:20

Bakıda narkotik satışını təşkil etməkdə təqsirləndirilən bir ailənin 3 üzvü - Hümbət Cəfərov, Əli Cəfərov və Şəlalə Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Hümbət Cəfərov 11 il, Əli Cəfərov 9 il, Şəlalə Cəfərova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Dövlət ittihamçısı Hümbət Cəfərovun 12 il, Əli Cəfərovun 11 il, Şəlalə Cəfərovanın isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, ötən il dekabrın 24-də Xətai rayonu ərazisində əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş - 56 yaşlı Hümbət Cəfərov, oğlu 33 yaşlı Əli Cəfərov və qızı 35 yaşlı Şəlalə Cəfərova saxlanılıblar. Məlumata görə, onlara məxsus avtomobildən 14 kiloqramdan artıq heroin, metamfetamin və tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar edilərək götürülüb.

Bildirilib ki, bu şəxslər aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə Astara rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Saxlanılan şəxslər Bakı şəhərində narkotik vasitələrin əsas tədarükçülərindən olublar.

Faktla bağlı cinayət işi başlanılıb. Onların hər üçünə qarşı qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci , (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır