"Qeyd edilən cinayət işi üzrə özümü təqsirli bilmirəm".
Modern.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov Gəncə Şəhər Məhkəməsində keçirilən məhkəmədən sonra deyib.
"Birmənalı şəkildə bu gün keçirilən məhkəmədə hakimin verdiyi suallara cavabımda dedim ki, mən özümü adıçəkilən ittihamlar üzrə təqsirli bilmirəm. İnanıram ki ədalətli məhkəmə olacaq. Azərbaycanda ədalətli məhkəmə var, ədalət ortaya çıxacaq. Qeyd edilən məsələlər üzrə özümü birmənalı şəkildə təqsirli bilmirəm", - deyə Əsədov bildirib.
Qeyd edək ki, toplanmış sübutlara əsasən, Kamran Əsədova Cinayət Məcəlləsinin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik) maddələri ilə ittiham elan edilib, barəsində istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib. (Mənbə: unikal)