Modern.az

2026-cı ilin moda trendləri: Hansı rənglər, parçalar dəbdə olacaq?

2026-cı ilin moda trendləri: Hansı rənglər, parçalar dəbdə olacaq?

Aktual

20 Dekabr 2025, 15:17

2026-cı ilin gəlişinə sayılı günlər qaldıqca moda dünyasında da növbəti ilin trendləri ilə bağlı müzakirələr daha da aktuallaşır. 2026-cı ildə geyim seçimlərində hansı rənglərin ön plana çıxacağı, hansı parçaların gündəlik və xüsusi kombinlərdə daha çox istifadə olunacağı artıq indidən diqqət mərkəzindədir.

Modern.az yeni ilin gəlişini nəzərə alaraq növbəti ilin dəbiylə bağlı modelyer Şəlalə Maqsudova ilə həmsöhbət olub.  

“2025-ci ilə nəzər salsaq görərik ki, bəzi rənglər öz aktuallığını 2026-cı ildə də qoruyub saxlayacaq. Əgər 2025-ci ildə qırmızı rəng ön planda idisə, 2026-cı ildə onun daha dərin çaları olan bordo tonları dəbdə olacaq. Bununla yanaşı, tünd yaşıl və göy rənglər də yeni mövsümdə tez-tez rast gəlinən rənglər sırasında yer alacaq. Ağ və qara isə dəyişməz klassika olaraq bütün illərdə və fəsillərdə öz favoritliyini saxlayan rənglər olaraq qalmaqda davam edir”.

Modelyerin sözlərinə görə, trendlər nə qədər dəyişsə də, insanlar geyim seçimində daha çox sevdikləri rənglərə və özlərinə yaraşan tonlara üstünlük verirlər:

“Zənnimcə, məhz bu da fərdi üslubu formalaşdıran əsas amillərdən biridir. Parçalara gəldikdə isə, 2026-cı ilin ilk fəsli qış olduğundan, daha qalın və isti materiallar ön planda olacaq. Yun, toxunma, dəri və cins tipli parçalardan yeni mövsümdə geniş istifadə ediləcək. Xüsusilə cins parçalar 2026-cı ildə geyim kolleksiyalarının əsas elementlərindən biri olacaq və müxtəlif kombinlərdə daha çox diqqət çəkəcək”.

Həmsöhbətimiz vurğulayıb ki, cins parçalar uzun illər idman üslubu ilə əlaqələndirilsə də, artıq bu materialdan ziyafət və klassik üslubda geyimlərin hazırlanması da trendə çevrilir:

“Dəri tipli parçalar isə əsasən üst geyimlərində daha çox yer alacaq. Bundan başqa, rənglər və formalar nə qədər dəyişsə də, əsas məqam insanların öz stilini tapması və onu inamla daşımasıdır. Moda trendləri yalnız istiqamət göstərir, əsl gözəllik isə insanın özünə yaraşanı seçməsindədir”,- deyə Ş.Maqsudova bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır