Modern.az

Prezidentə təbriklər gəlməkdə davam edir

Prezidentə təbriklər gəlməkdə davam edir

Aktual

22 Dekabr 2025, 11:13

Gürcüstandakı “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim və ən xoş arzularımı çatdırmaqdan böyük şərəf hissi duyduğumu bildirim.

Sizin müdrik siyasətiniz və prinsipial mövqeyiniz nəticəsində Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Ölkəmizin gündən-günə artan hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun möhkəmlənməsi və dünya siyasi arenasında Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsi bilavasitə Sizin adınızla bağlıdır.

Cənab Prezident, Sizin güclü siyasi iradəniz nəticəsində Ermənistan rəhbərliyi sülhə doğru addımlar atmağa məcbur olmuşdur. Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması Cənubi Qafqazda sabitliyə, inkişafa, əmin-amanlığa və regionda yeni kommunikasiya xətlərinin açılmasına geniş imkanlar yaradır.

“Konstitusiya və Suverenlik İli”ndə, avqustun 8-də, tarixi Zəfərimizin beşinci ildönümü ərəfəsində Ağ Evdə ABŞ Prezidenti ilə keçirilmiş görüş Sizin müdrik liderliyinizin və uzaqgörən siyasətinizin təntənəsi olaraq, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq əlaqələrinin yeni mərhələyə yüksəlməsinə zəmin yaratmışdır.

Hörmətli cənab Prezident, biz, Gürcüstanda yaşayan azərbaycanlılar xalqımızın əbədiyaşar lideri, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttə sadiq qalaraq, Sizin tərəfinizdən daim göstərilən hərtərəfli diqqət və qayğını böyük minnətdarlıq hissi ilə qarşılayırıq. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının qazandığı uğurlar, dövlətimizin beynəlxalq nüfuzunun artması və dünya azərbaycanlılarına göstərilən davamlı dəstək bizi sonsuz dərəcədə qürurlandırır. Biz hər zaman milli kimliyimizi, dilimizi və mədəniyyətimizi qoruyub saxlayaraq Odlar Yurdu Azərbaycanla fəxr edirik.

Əminik ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan dövləti bundan sonra daha böyük zirvələr fəth edəcək, dünya azərbaycanlılarının həmrəyliyi daha da möhkəmlənəcəkdir.

Cənab Prezident, Sizi bir daha doğum gününüz, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür, məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni-yeni zəfərlər, ailənizə rifah və səadət, müdrik Azərbaycan xalqına isə davamlı sülh, xoşbəxt və firavan həyat diləyirəm.

Biz birlikdə güclüyük!"

xxx

Kanadada fəaliyyət göstərən “Az Media Group”un rəhbəri Yaşar Pur Əli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə “Konstitusiya və Suverenlik İli”ni uğurla başa vurur. Bu il ölkəmizin qazandığı mühüm nailiyyətlərlə yadda qalır. Bütün uğurların əsasında Sizin əzmkarlığınız, qətiyyətiniz, uzaqgörən siyasətiniz durur. Bu siyasət sayəsində Azərbaycanın regionda, eləcə də dünyada artan nüfuzunu görməkdən böyük məmnunluq duyuruq.

Bu il biz, tariximizin ən parlaq səhifəsi olan şanlı Zəfərimizin beşinci ildönümünü böyük fərəh hissi ilə qeyd etdik. Bu tarixi Qələbəni bizə bəxş etdiyinizə görə Sizə minnətdarıq.

Biz, Kanadada yaşayan azərbaycanlılar Sizinlə fəxr edirik. Azərbaycan xalqının birliyi, xoşbəxt gələcəyi naminə müəyyən etdiyiniz, həyata keçirdiyiniz səmərəli daxili və xarici siyasəti dəstəkləyirik.

Cənab Prezident, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirik. Sizə cansağlığı, ailə səadəti, Azərbaycanın daha parlaq gələcəyi, xalqın rifahı naminə şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq".

xxx

Avstraliya Azərbaycan Assosiasiyaları Alyansının prezidenti Fuad Aydınbəyzadə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Sizi Avstraliya Azərbaycan Assosiasiyaları Alyansı adından doğum gününüz münasibətilə dərin ehtiramla təbrik etməkdən böyük şərəf duyuruq. Sizin qətiyyətli liderliyiniz, milli maraqların müdafiəsi üçün nümayiş etdirdiyiniz yüksək siyasi iradə və müasir dövrün tələblərinə uyğun olaraq formalaşdırdığınız dövlətçilik strategiyası dünya azərbaycanlıları üçün hər zaman nümunə olmuşdur.

Zati-alinizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu il Azərbaycan xalqı Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beşinci ildönümünü xüsusi qürurla qeyd etdi. İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Qələbə, dövlətimizin suverenliyinin bərpası və ərazi bütövlüyünün təmin edilməsi birmənalı şəkildə Sizin adınızla bağlıdır və xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Bu tarixi Zəfər Azərbaycan diasporunun fəaliyyətinə yeni motivasiya, milli birlik düşüncəsinə isə yeni məna qazandırmışdır. Avstraliyada yaşayan soydaşlarımız bu gün həm dövlətçilik, həm mədəniyyət, həm də milli kimlik baxımından daha mütəşəkkil şəkildə bir araya gəlirlər.
Bu proses Sizin rəhbər ideyalarınız, xüsusilə də diaspor işinin institusional səviyyədə inkişafına verdiyiniz strateji dəstək nəticəsində mümkün olmuşdur.

Hörmətli cənab Prezident, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Avstraliya Azərbaycan Assosiasiyaları Alyansı olaraq bildiririk ki, milli maraqlar naminə həyata keçirdiyiniz fəaliyyətlər diasporumuz tərəfindən xüsusi minnətdarlıqla qarşılanır. Azərbaycançılıq ideyasının müasir dövrdə qorunması, inkişafı və beynəlxalq müstəvidə təbliği istiqamətində verdiyiniz töhfələr bizim üçün həm etalondur, həm də məsuliyyət mənbəyidir.

Fürsətdən istifadə edərək, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Yeni ilin dövlətimizin daha da güclənməsinə və qüdrətlənməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, xalqımızın rifahının yüksəlməsinə və sülhün möhkəmlənməsinə xidmət edən yeni mərhələnin başlanğıcı olmasını arzu edirik.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycanın daha parlaq gələcəyi naminə ali dövləti fəaliyyətinizdə davamlı nailiyyətlər arzulayırıq".

xxx

Türkiyədə fəaliyyət göstərən Dərincə Azərbaycan Evi Dərnəyinin sədri Volkan Aydəmir Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram.

Sizin rəhbərliyinizlə Azərbaycan böyük inkişaf yolu keçmiş, tarixi nailiyyətlər qazanmışdır. Təbii ki, ən böyük uğurlardan biri uzun illər işğal altında qalmış Qarabağın azad edilməsidir. Bu tarixi hadisə Azərbaycan xalqına böyük sevinc və qürur hissi yaşatmaqla yanaşı, dünyada soyqırımına məruz qalmış, torpaqlarını itirmiş bütün çarəsiz insanlar üçün bir ümid işığı olmuşdur.

Sizin Azərbaycan xalqını “dəmir yumruq” kimi ətrafınızda sıx birləşdirərək qətiyyət və iradənizlə bu Zəfəri qazanmağınız Ulu Öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamının nə qədər dərin məna kəsb etdiyini bir daha göstərdi.

Cənab Prezident, Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, Zati-alinizə cansağlığı, Azərbaycan xalqına firavanlıq arzu edirəm.

Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm".

xxx

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının sabiq prezidenti Lev Spivak Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə Azərbaycan Respublikası dövlət quruculuğunda, iqtisadi inkişafda və beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsində böyük uğurlar qazanıb. Ölkənin tərəqqisinə və xalqın rifahına yönəlmiş çoxşaxəli səyləriniz Sizə təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda dərin hörmət qazandırıb.

Siz Müzəffər Ali Baş Komandan kimi müasir tarixdə və milyonlarla insanın qəlbində xüsusi yer tutursunuz. Strateji komandanlığınızla 44 günlük Vətən müharibəsində tarixi ədalət və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Bu möhtəşəm qələbə yenilməz ruhun, milli birliyin və beynəlxalq hüququn təntənəsinin simvoluna çevrilib, adınızı xilaskar Lider kimi tarix salnaməsinə əbədi olaraq həkk edib.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik və ölkənizin əmin-amanlığı, tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram".

xxx

Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri və “Qarabağ” məktəbinin təsisçisi Fəridə Pənahova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövlət fəaliyyətinizdə uğurlar arzulayırıq. Bu əlamətdar gündə biz yalnız dövlət başçısına deyil, artıq
22 ildir Azərbaycan xalqı üçün qürur mənbəyinə, güc, iradə və qətiyyət rəmzinə çevrilmiş böyük Liderə ehtiramımızı bildiririk.

Qlobal miqyasda mürəkkəb dəyişikliklərin baş verdiyi, təzyiq və çağırışların artdığı taleyüklü mərhələlərdə Sizin siyasi iradəniz və davranış modeliniz gənc nəsil üçün əsl rəhbərlik nümunəsinə çevrilmişdir. Siz öz mövqeyinizlə göstərdiniz ki, çətinliklər qarşısında möhkəm dayanmaq, Vətənə sədaqəti populist sözlərlə deyil, məsuliyyət və ləyaqətlə ifadə etmək, eləcə də beynəlxalq münasibətlərdə güc nisbətləri dəyişərkən prinsipiallıqdan və mənəvi bütövlükdən geri çəkilməmək milli liderliyin əsas mahiyyətidir.

Qlobal siyasi qüvvələrin ölkəmizin haqq işinə münasibətinin birmənalı olmadığı, həqiqətlərin kölgədə qaldığı dövrlərdə belə Siz ədalətə olan inamınızı heç vaxt sarsıtmadınız, güzəşti prinsipdən üstün tutmadınız. Torpaqlarımızın işğaldan azad olunacağına, tarixi ədalətin bərpa ediləcəyinə olan sarsılmaz inamınız yalnız dövlət siyasətinin əsasını təşkil etmədi, eyni zamanda bütöv bir nəslin dünyagörüşünü formalaşdırdı.

Bu gün Azərbaycanda və dünyanın müxtəlif ölkələrində, o cümlədən Böyük Britaniyada yaşayan azərbaycanlılar üçün Siz strateji uzaqgörənlik və milli məsuliyyət nümunəsinin simvolusunuz. Sizin liderliyiniz sübut etdi ki, rəhbərlik emosional reaksiyalarla deyil, müdrikliklə, güzəştlərlə deyil, qətiyyət və inamla ölçülür. Sizin milli birliyə və tarixi ədalətə sadiqliyiniz xalqımızda öz gücünə və gələcəyinə inam yaratdı. Siz bir daha göstərdiniz ki, Vətəni sevmək onun ləyaqətini qorumaq, insanına sərmayə qoymaq və layiq olduğu mövqeni dünya miqyasında təmin etməkdir.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edib Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də ürəkdən təbrik edirik. Bu müstəsna tarix dünya azərbaycanlılarının milli birliyinin, mənəvi bütövlüyünün və Vətənə sarsılmaz bağlılığının parlaq təcəssümüdür. Məhz Sizin uzaqgörən və məqsədyönlü rəhbərliyiniz sayəsində bu həmrəylik daha da güclənmiş, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün milli qürur, mənəvi dayaq və güvən mənbəyinə çevrilmişdir.

Yeni ilin ölkəmizə davamlı sülh və əmin-amanlıq, xalqımıza daha yüksək rifah və inkişaf gətirməsini, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini diləyirik. Arzu edirik ki, bu Yeni il də Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə dövlətçiliyimizin daha da möhkəmlənməsi, milli maraqlarımızın etibarlı şəkildə qorunması və gələcək nəsillərin firavanlığı naminə yeni və tarixi nailiyyətlərlə yadda qalsın".

xxx

ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Sizin rəhbərliyinizlə ölkəmiz 2025-ci ildə də qürur mənbəyi olan böyük uğurlar əldə etdi. Xüsusilə avqustun 8-də Vaşinqtonda, Ağ Evdə keçirilmiş tarixi görüşlər, Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması və digər razılaşmaların əldə olunması xüsusi qeyd edilməlidir.

Azərbaycan Respublikasının beynəlxalq müstəvidə öz sözünü qətiyyətlə deməsi, milli maraqlarımızın ardıcıl şəkildə müdafiəsi və ölkəmizin dünya tərəfindən sülhsevər, güclü bir dövlət kimi qəbul edilməsi məhz Sizin siyasi iradəniz nəticəsində mümkün olmuşdur.

Bu il, həmçinin tarixi Zəfərimizin beş illiyini də böyük iftixar hissi ilə qeyd etdik.

Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında birlik möhkəmlənib, Vətən sevgisi daha da artıb. Biz, ABŞ-də yaşayan azərbaycanlılar bunu xüsusilə hiss edirik. Vətəndən uzaqda olsaq da, Sizin liderliyiniz bizim üçün qürur və güc mənbəyidir. Sizin həyata keçirdiyiniz siyasətə inamımız sarsılmazdır və biz bu yolda hər zaman yanınızdayıq.

Fürsətdən istifadə edərək “Konstitusiya və Suverenlik İli”nin sonu ərəfəsində Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, 2026-cı ildə Sizə yeni zəfərlər, xalqımıza davamlı sülh və firavanlıq diləyirik".

xxx

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Sizin rəhbərliyinizlə Azərbaycanın regionda yaratdığı yeni reallıq, qazandığı tarixi nailiyyətlər xaricdə yaşayan azərbaycanlılar üçün böyük iftixar mənbəyidir. Milli həmrəyliyimizin güclənməsi, dövlətimizin daha da inkişafı, beynəlxalq miqyasda nüfuzunun artması ilə bağlı əldə olunan bütün nailiyyətlər birbaşa Sizin möhkəm iradənizin, qətiyyətinizin və uzaqgörən liderliyinizin nəticəsidir. Sizin sayənizdə beş il əvvəl qazanılan tarixi Zəfər bu gün də hər bir azərbaycanlının qəlbində qürur və birlik hissini yaşadır.

Biz, Vətəndən uzaqda yaşayan azərbaycanlılar ölkəmizin uğurları ilə fəxr edirik, Sizin siyasətinizi dəstəkləyirik və hər zaman yanınızdayıq.

Cənab Prezident, Sizi, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirik. 2026-cı ildə Sizə və ölkəmizə yeni-yeni nailiyyətlər arzulayırıq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır