Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktının icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasında da həyata keçirilib.
Modern.az xəbər verir ki, Amnistiya aktının şamil olunduğu 12 nəfər bu gün təcridxanadan azadlığa buraxılıb.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.
“Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək. Sözügedən Qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir.
Ədliyyə Nazirliyi tərəfindən Qərarın icrası amnistiya aktının müvafiq bəndlərinə uyğun olaraq, mərhələli şəkildə təxirə salınmadan həyata keçiriləcək.
Həmçinin Nazirlik tərəfindən amnistiya aktının icrası barədə ictimaiyyətə mütəmadi olaraq məlumat təqdim ediləcək”, - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Milli Məclis bu gün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul edib.
Amnistiya elan olunması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.