Sərhəd Qasımovu xatırlarkən...
Həyatı gəlimli-gedimli, adi, qeyri-adi, maraqlı, bəzən şən, bəzən kədərli, enişli-yoxuşlu, qəribəliklərlə dolu, təsadüflərin və zərurətlərin cövlan etdiyi kinoya bənzədirəm. Hər ömür bir kinossenari, hər ömür yolu həmin ssenarinin süjet xəttidir... Dünya isə yer üzünə gələn bəşər övladının həyat səhnəsidir. Şekspir demiş, dünya bir teatr səhnəsidir, insanlar aktyor... hərə bu səhnədə öz rolunu oynayıb gedir... bir həqiqət var ki, bu səhnədə rastlaşdığın tərəf müqabillərin arasında saysız xarakterli insanlar olur... Bəzən bu obrazları özün seçmək imkanın olsa da, çox vaxt adına taleh, qismət dediyimiz varlığın qarşına çıxartdığı insanlarla da rastlaşırsan... bu təsadüflər zərurətdən yarandığına görə çox vaxt insanın ömürlüyündə onun taleyinə, ömrünə yazılan, yaddaqalan epizodlar kimi qalır... Mənim həyat səhnəsində ömürlüyümün ən maraqlı epizodlarından biri də olduqca sadə, təvazökar, qayğıkeş, xeyirxah, ürəyini məşələ döndərib hər kəs üçün yandırmaqdan çəkinməyən, çətin günün adamı olan mərhum Sərhəd Qasımovu tanımağımdır...
Sərhəd Qasımov uzun müddət (yarım əsrdən bir qədər çox) ilk telekanalımız olan Azərbaycan Televiziyasında Həmkarlar İttifaqı komitəsinin sədri vəzifəsində çalışıb. Sərhəd müəllim o vəzifəni o qədər yüksəkliyə qaldırmışdı ki, hamı bir nəfər kimi onun iş otağını evi qədər doğma, qapısını ümid qapısı bilirdi. Çoxları təsdiq edər ki, Sərhəd müəllim kimi həssas qəlbli, özgə dərdinə yanan, səmimi, xeyirxah insan nadir hallarda dünyaya gəlir. İlahi, bu kişidə nə qədər səxavət və ədalət hissi, qayğıkeşlik, insan qəlbinə yol tapmaq istedadı vardı... Televiziya əməkdaşlarının şad günlərini deyə bilmərəm, ağır günlərində Sərhəd müəllim mütləq o əməkdaşın yanında olardı... O, çətin günün adamı, dar gündə möhkəm arxa idi... Xeyirxah və çətin işlərdə, yaddaqalan tədbirlərdə Sərhəd müəllim həmişə başda olardı. Ümummilli liderimiz Heydər Əliyevin anım günündə, şəhid AzTv əməkdaşlarının xatirə günlərində, 20 yanvar hüzn günündə, Xocalı faciəsinin anım tədbirlərində, cəbhə bölgəsində xidmətdə olan əsgərlərlə görüşlərdə Sərhəd müəllim həmişə öndə olardı. O, əsl həmkarlıq nümunəsi idi! Qəribədir 2000 nəfərə yaxın kollektivi, özü də əksər hissəsi yaradıcı insanlardan ibarət olan AzTv-də bu kişidən narazı olan bir nəfər belə tapmaq olmazdı. Hamı üçün yaxşı olmağı bacaran kişi idi Sərhəd müəllim!
O, televiziya işçilərinin hamısını adbəad tanıyırdı. Yadımdadır, 1997- ilin aprel ayında televiziyada işə başlamışdım. Hələ az adamları tanıyırdım. Günlərin birində dəhlizdə gözü eynəkli, nurani bir kişi məni saxlayıb soruşdu:
Ədə, səni bir-iki həftədir buralarda görürəm, bizdə işləyirsən?
Bəli, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində işləyirəm.
Nazim Abbasın yanında?
Bəli.
Məni tanıdın?
Xeyir...
Əlini uzadıb, Sərhəd Qasımov, Televiziya Həmkarlar komitəsinin sədriyəm-dedi. Dəhlizin sonunda mənim otağımdır. Vaxtın olanda gəl yaxından tanış olaq. Problemin olsa mənə deməkdən çəkinmə. İş yoldaşlarıma bu əhvalatı danışdım. Hamı bir ağızdan Sərhəd müəllim hamımızın sevimlisi, ağsaqqalıdır, hamımızın ən yaxın rəhbər dostu Sərhəd müəllimdir - dedilər... Az sonra yoldaşların söylədiklərinin bir-bir şahidi oldum. Bir əhvalat heç vaxt yadımdan çıxmır. Bir yoldaşımızın ciddi maddi problemi vardı. Biz də çətinlik üzündən əl tuta bilmirdik. Onun dərman almağa pulu yox idi... özümüzə qapanıb dərdləşirdik. Birdən Sərhəd müəllimin səsini eşitdik. Sən demə bayaqdan bizim söhbətimizə qulaq asırmış...
Adəti üzrə, ədə çətinliyin var gəl mənə de də, on dəqiqədən sonra gələrsiz yanıma dedi... Getdik. Hərəmizə bir ağ vərəq verib ərizə yazın – dedi. Həmkarların hesabında bir az pul qalıb verim sizə probleminizi həll edin... Hərəmizə həmkarların xətti ilə edilən yardımla dostumuzun problemini yoluna qoyduq... Belə misalları minlərlə çəkmək olar... Sərhəd müəllim insanların vəziyyətini üzündən oxuyurdu... Çətinlikdə olanı hiss edirdi və dərhal da otağına çağırıb maddi yardım göstərərdi... Maddi durumu çətin olanlara, xəstəliyi olanlara, televiziya veteranlarına mütəmadi yardımlar göstərməyi ənənəyə çevirmişdi.

Televiziya işçilərinin yubiley tədbirləri bir qayda olaraq ilk dəfə Sərhəd müəllimin otağında baş tutardı.Yubiley tədbirlərinin ilk tortu onun otağında kəsilərdi. Sərhəd müəllim heç kəsi və heç nəyi unutmurdu. Sərhəd müəllim yaxşılıq etməkçün doğulmuşdu, xeyir elçisi idi... Sərhəd müəllimin şəxsi xüsusiyyətləri daha çox əsl Azərbaycan kişisinin nümunəvi cəhətləri ilə səciyyələnirdi. Hər kəsə əl tutmaq, dərdinə şərik olmaq, hamı üçün doğmalaşmaq hər kəsin öhtəsindən gələ biləcəyi iş deyil. Sərhəd müəllim xeyirxah, səmimi və təvazökar insan olaraq doğulmuşdu... bu onun həyat yolu, ömrünün mənası idi... Böyük bir kollektivin, üstəlik böyük bir veteranlar ordusunun nazını çəkmək, rəğbətini qazanmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil... Yaradıcı insanların mövqe müxtəlifliyinə baxmayaraq Sərhəd müəllimlə münasibətdə bu mövqelər unudulurdu... Səmimiyyət, qayğı, xoş münasibət və doğmalıq bütün problemlərin yoluna qoyulmasında əsas vasitə olurdu... İş prosesində yaranan mübahisələr, səhvlər üzündən baş verən xətalar, səhlənkarlıq və diqqətsizlik üzündən meydana çıxan problemlər çox vaxt Sərhəd müəllimin ağsaqqalığı və səmimi müdaxiləsi nəticəsində düzgün məcaraya yönəldilirdi. Televiziya elə bir fəaliyyət sahəsidir ki, burada baş verən xətaların əksəriyyətini hamı görür. Ona görə burada baş verən səhvləri bağışlamaq bir qədər çətinlik yaradır. Sərhəd müəllim belə hallarda proseslərə müdaxilə edər, əməkdaşın diqqətsizliyinə görə onun sərt cəazalndırılmasının qarşısını almağa, işdən azad edilməməsinə çalışar, televiziyanın sədrindən əməkdaşın bağışlanmasına görə xahiş edərdi. Əksər hallarda Sərhəd müəllimin xahişi əməkdaşları çətin vəziyyətlərdən xilas edərdi...
Sərhəd müəllim əməlləri ilə hamının yaddaşında müsbət qəhrəman obrazına çevrilmişdi... Hərdən düşünürdüm ki, o, bu dünyanın adamlarından deyil... Hamı üçün doğma olmaq, səmimi olmaq, hamıya əl tutmaq hər kişinin işi deyil axı... fikirləşirdim ki, nə vaxtsa bu kişi haqqında mütləq bir sənədli film çəkiləcək və əyər mənə həmin filmin ssenarisini yazmaq tapşırılsa filmin adını “Cənnət adamı” qoyardım... Sərhəd müəllim bütün həyatı boyu yalnız yaxşı əməllər sahibi idi...
Sərhəd müəllim ləyaqətli, şərəfli və hamıya nümunə olan bir ömür yaşadı...hər kəsə nəsib olmayan bir ömür... elə bir ömür ki, yalnız səmimiyyət və mehribanlıqla, ədalət və səxavətlə, haqq və həqiqətlə, qayğı və xeyirxahlıqla, mərdliklə dolu, pisliklərdən tamailə uzaq... Yaddaşlarda, xoş xatirələrdə, səmimi etiraflarda, haqqında yazılan və yazılacaq yazılarda, kitablarda, çəkiləcək filmlərdə Sərhəd müəllim əbədi bir müsbət qəhrəman obrazı olaraq daim xatırlanacaq... Yerin Cənnət olsun, Cənnət adamı...
ELDAR İSKƏNDƏRZADƏ
Şair-dramaturq, telejurnalist,
“Qızıl qələm” mükafatçısı