"Müstəqil Azərbaycanın siyasi tarixində bəzi hadisələr təkcə xronoloji fakt kimi deyil, milli yaddaşın, dövlətçilik şüurunun və tarixi ədalətin bərpasının simvolu kimi qalır. 2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri də məhz bu qəbildən olan hadisələrdəndir. İlk dəfə olaraq müstəqillik dövründə prezident seçkilərinin ölkənin bütün suveren ərazilərində keçirilməsi təkcə hüquqi-siyasi akt deyil, həm də milli qürurun, dövlət iradəsinin və tarixi ədalətin təntənəsi idi. Prezident İlham Əliyevin Xankəndidə səs verməsi isə bu seçkilərə rəmzi və tarixi məna qazandıraraq, separatizmin siyasi və ideoloji baxımdan definitiv sonunu təsdiqlədi. Dövlət başçısının ifadə etdiyi kimi, həmin bülleten sadəcə seçki aktı deyil, illərlə davam etmiş qanunsuzluğun, saxta iddiaların və xarici himayə ilə yaşadılan separatizmin tabutuna vurulan son mismar idi".
Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Azər Kərimli deyib.
Deputatın sözlərinə görə bu tarixi məqamın arxasında dayanan lider obrazı təsadüfi formalaşmayıb:
"Prezident İlham Əliyevin keçdiyi həyat və fəaliyyət yolu ardıcıl, sistemli və rasional inkişafın nümunəsidir. Onun təhsil mərhələsi, xüsusilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda aldığı fundamental akademik hazırlıq, beynəlxalq münasibətlər və siyasi tarix sahəsində qazandığı elmi biliklər sonradan formalaşan siyasi qərarların intellektual əsasını təşkil edib. Tarix elmləri namizədi kimi elmi təhlil vərdişlərinə yiyələnmiş İlham Əliyev siyasətdə emosional deyil, analitik və praqmatik yanaşmanı əsas götürən lider kimi yetişib.
Peşəkar fəaliyyətinin müxtəlif mərhələləri – akademik mühitdən özəl sektora, enerji diplomatiyasından parlament və icra hakimiyyəti strukturlarına qədər uzanan yol – onun çoxşaxəli idarəetmə bacarıqlarını formalaşdırıb. Xüsusilə Azərbaycan Dövlət Neft Şirkətində rəhbər vəzifələrdə çalışdığı dövr İlham Əliyevin strateji düşüncə tərzini, milli maraqları qlobal iqtisadi reallıqlarla uzlaşdırmaq qabiliyyətini üzə çıxarıb. Bu təcrübə sonradan Azərbaycanın enerji strategiyasının, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyinin formalaşmasında həlledici rol oynayıb.
Prezident İlham Əliyevin beynəlxalq təşkilatlardakı fəaliyyəti də onun müasir siyasi lider kimi formalaşmasının mühüm komponentidir. Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri və sonradan Assambleya sədrinin müavini kimi fəaliyyəti ona Qərb siyasi institutlarının daxili mexanizmlərini dərindən öyrənmək imkanı verib. Bu təcrübə Azərbaycanın milli maraqlarının beynəlxalq platformalarda daha peşəkar və prinsipial şəkildə müdafiə olunmasına şərait yaradıb".
Azər Kərimli bildirib ki, xalqın dəstəyi Prezident İlham Əliyevin siyasi legitimliyinin əsas dayağı olub:
"2003-cü ildən etibarən keçirilən bütün prezident seçkilərində yüksək səs faizi ilə qələbə qazanması təkcə siyasi davamlılığın deyil, həm də ictimai etimadın göstəricisidir. 2024-cü il seçkilərində əldə olunan 92,12 faiz səs isə artıq qalib xalqın qalib liderinə verdiyi tarixi qiymət kimi dəyərləndirilməlidir. Bu nəticə müharibədən sonrakı dövrdə formalaşmış yeni milli həmrəyliyin və dövlətə inamın siyasi ifadəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış dövlət siyasəti modeli müasir Azərbaycanın güclənməsinə xidmət edən kompleks və uzunmüddətli strategiyadır. Bu siyasətin mərkəzində vətəndaş amili dayanır. Sosial rifahın yüksəldilməsi, iqtisadi artımın inklüziv xarakter alması, təhsil və səhiyyənin modernləşdirilməsi, gənclərin potensialının reallaşdırılması dövlət idarəçiliyinin prioritet istiqamətləri kimi müəyyənləşdirilib. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” tezisi sadəcə şüar deyil, həyata keçirilən islahatların ideoloji əsasını təşkil edir.
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirməklə yanaşı, onu müasir çağırışlara uyğun şəkildə inkişaf etdirib. Sabitlik üzərində qurulan inkişaf modeli Azərbaycanın daxili təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, beynəlxalq mövqelərini də gücləndirib. Rasional siyasi davranış, milli maraqlara söykənən realizm və praqmatizm Azərbaycan siyasi sisteminə yeni siyasi mədəniyyət gətirib.
Bu siyasətin mühüm tərkib hissələrindən biri də siyasi dialoqun təşviqi və demokratik institutların təkamül yolu ilə inkişafıdır. Son illərdə siyasi partiyalarla dövlət qurumları arasında qurulan konstruktiv münasibətlər, yeni “Siyasi partiyalar haqqında” Qanunun qəbulu, partiyaların maliyyələşdirilməsinin artırılması, müxalifətin parlamentdə və bələdiyyələrdə təmsilçiliyinin genişlənməsi ölkədə formalaşan yeni siyasi konfiqurasiyanın real göstəriciləridir. Bu proseslər Azərbaycanda demokratik ənənələrin inqilabi deyil, təkamül yolu ilə formalaşdığını sübut edir".

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin humanizm dəyərlərinə sadiqliyi də onun liderlik fəlsəfəsinin ayrılmaz hissəsidir:
"Əfv və amnistiya institutunun geniş tətbiqi, xüsusilə suverenliyin tam bərpasından sonra elan edilən ən böyük amnistiya təşəbbüsü dövlətin gücünü mərhəmət və ədalətlə birləşdirən siyasi yanaşmanın nümunəsidir. Bu addımlar cəmiyyətin sosial reabilitasiyasına və hüquqi humanizmin möhkəmlənməsinə xidmət edir.
Xarici siyasətdə Prezident İlham Əliyevin yürütdüyü kurs milli maraqlara əsaslanan, balanslı və eyni zamanda prinsipial siyasət modelidir. Azərbaycan bu siyasət sayəsində beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imici qazanıb. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük, Qoşulmama Hərəkatına sədrliyi, İslam Əməkdaşlıq Təşkilatında fəal mövqeyi, Türk Dövlətləri Təşkilatında liderlik rolu Azərbaycanın qlobal miqyasda artan nüfuzunun göstəricisidir.
Xüsusilə Qərbi Azərbaycan məsələsinin beynəlxalq gündəliyə çıxarılması Prezident İlham Əliyevin strateji uzaqgörənliyinin nəticəsidir. Bu mövzu artıq təkcə tarixi yaddaşın deyil, beynəlxalq hüquq və insan haqları diskursunun tərkib hissəsinə çevrilib. Ermənistanın illərlə manipulyasiya etdiyi narrativin qarşısında Azərbaycan ilk dəfə olaraq sistemli, hüquqi və diplomatik cavab mexanizmi formalaşdırıb.
Azərbaycan-Ermənistan normallaşma prosesində əldə olunan nəticələr də İlham Əliyevin siyasi iradəsinin və prinsipial mövqeyinin təzahürüdür. Sülh gündəliyinin məhz Azərbaycanın şərtləri əsasında formalaşması, Minsk prosesinin ləğvi, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı konkret mexanizmlərin razılaşdırılması regional reallıqların dəyişdiyini təsdiqləyir.
Sosial-iqtisadi sahədə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan davamlı inkişaf modelini formalaşdırıb. Qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, makroiqtisadi sabitliyin qorunması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və özəl sektorun rolunun artırılması ölkənin iqtisadi müstəqilliyini möhkəmləndirib. Bu inkişafın əsas nəticəsi isə vətəndaşların rifah səviyyəsinin yüksəlməsidir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin sistemli, ardıcıl və məqsədyönlü inkişaf modelini əks etdirir. 2024-cü ilin Zəfər seçkisi bu modelin siyasi yekunu deyil, yeni mərhələnin başlanğıcıdır. Qalib xalqın qalib lideri kimi İlham Əliyev təkcə bugünün deyil, gələcəyin də siyasi arxitekturasını qurur və bu arxitektura milli maraqlar, suverenlik, ədalət və inkişaf üzərində möhkəm təməl tapır".