Modern.az

Tanınmış memar Bakının əsas infrastruktur problemini AÇIQLADI

Tanınmış memar Bakının əsas infrastruktur problemini AÇIQLADI

Aktual

23 Dekabr 2025, 15:34

Azərbaycan minilliklər boyunca mədəniyyətlərin kəsişdiyi coğrafiyada formalaşaraq özünəməxsus şəhərsalma ənənələri və memarlıq məktəbi yaradıb. Tarixin müxtəlif dövrlərində salınmış yaşayış məntəqələri, meydanlar, ictimai binalar və məhəllə strukturları xalqın düşüncə tərzini, sosial münasibətlərini və estetik baxışlarını aydın şəkildə əks etdirir. Bu gün tarixi şəhərlərimizdə qorunan memarlıq nümunələri yalnız maddi irs deyil, milli yaddaşımızın və kimliyimizin mühüm daşıyıcılarıdır.

Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi böyük əhəmiyyət daşıyır.

Bunun fonunda isə sual yaranır: qarşıdakı dövrdə Azərbaycan memarlığı və şəhərsalmasına hansı konkret töhfələr veriləcək?

Mövzu ilə bağlı Modern.az-a danışan tanınmış memar Cahid Həsənov bildirib ki, “Şəhərsalma və Memarlıq İli” bütün sahələrə, dövlət qurumları və əlaqədar təşkilatlara indiyədək təxirə salınmış və ya hələ icra olunmayan layihələri reallaşdırmaq üçün geniş imkan yaradır.

Onun sözlərinə görə, məsələ təkcə baş plana uyğun olaraq parkların və yaşıllıq zolaqlarının salınması ilə məhdudlaşmır. Əsas problemlərdən biri - xüsusilə Bakıda, 30–50 il əvvəl, daha az əhali üçün nəzərdə tutulmuş kanalizasiya sisteminin yenilənməsidir:

“Bu gün 1 milyon əhali üçün qurulmuş sistem 4 milyonluq Bakı üçün yetərli deyil. Hər yağışdan sonra yaşanan problemlərin aradan qaldırılması üçün məhəllə-məhəllə, küçə-küçə yeni kanalizasiya şəbəkəsi qurulmalıdır”.

Memar əlavə edib ki, hər məhəllədə, rayonda və regionda sosialyönümlü layihələr genişləndirilməlidir. Onun fikrincə, memarlıq və şəhərsalma yalnız dövlət vəsaiti ilə deyil, özəl sektorun fəal iştirakı ilə həyata keçirilməlidir:

“Özəl binaların təmiri, fasadların yenilənməsi, estetik görünüşün yaxşılaşdırılması prosesi sürətlənməlidir. Sovet dövründən qalan, hazırda park kimi istifadə olunan həyət sahələri də özəl təşkilatların iştirakı ilə müasir standartlara uyğun yenidən qurulmalıdır”.

C.Həsənov qeyd edib ki, Bakı və regionlar, o cümlədən işğaldan azad olunmuş ərazilərin baş planları artıq təsdiqlənib. Bu sənədlərə uyğun olaraq şəhər mühitinə zərər vuran, plansız və standartlara cavab verməyən tikililərin qarşısı alınmalı, onların yerində müasir məhəllələr salınmalıdır:

“Dünya sürətlə ‘yaşıl şəhər’ modelinə keçir. Buna görə paytaxtda və regionlarda yaşıllıq zolaqları, parklar, yaşıl məhəllələr çoxaldılmalıdır. Lakin bunlar kanalizasiya xətləri və digər kommunikasiya problemləri həll edilmədən mümkün deyil”.

O vurğulayıb ki, bu il yaranmış fürsət maksimum dəyərləndirilməlidir:

“İllərlə yığılan problemlərin həlli üçün real şans var. Dövlət vəsaiti ilə yanaşı, özəl sektorun məsuliyyəti artırılmalıdır. Fasadları köhnəlmiş, sovet dövründən qalan binaların yenilənməsi, sökülməsi və əsaslı təmiri mütləq həyata keçirilməlidir. Köhnə parkların müasir tələblərə uyğun yenidən qurulması da vacibdir”.

Memar bildirib ki, Bakı ilə yanaşı, Sumqayıt və digər şəhərlərdə bulvar və parkların yenilənməsi xüsusi diqqətdədir:

“Biz memarlar üçün bu il böyük məsuliyyət ilidir. İşğaldan azad olunmuş ərazilərdə də sosialyönümlü layihələr, parklar, istirahət zonaları və yaşayış məhəllələri üzrə baş plana uyğun layihələr hazırlanır və təqdim olunur. Son aylarda bu proses sürətlənib və aidiyyəti qurumlar tərəfindən müsbət qarşılanır”.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır