Möhtərəm Prezidentimizin ad günü ilə bağlı səslənən təbriklərə qoşulur, öz adımdan və seçicilərim adından cansağlığı və ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıram.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz bu gün siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz, regionun mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilmişdir.
Cənab Prezidentin daim vurğuladığı kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. 2003-cü ildə keçirilmiş prezident seçkilərində xalqımız Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsinə dəstək verərək ölkədə sabitliyin və inkişafın əsasını qoydu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan beynəlxalq aləmdə strateji əhəmiyyətini artırmış, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir.
Dövlət siyasəti çərçivəsində regional infrastrukturun inkişafı məsələlərinə xüsusi diqqət yetirilir ki, bu da ali dövlət səviyyəsində qəbul edilən qərarlarda, o cümlədən yolların sistemli şəkildə yenilənməsinə və ümumilikdə müvafiq regionun balanslı inkişafına yönəlmiş Prezidentin son sərəncamında öz əksini tapıb. Belə ki, “Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, rayonun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yolları əsaslı təmir ediləcək. Bu məqsədlə 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsünün müvafiq yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Qeyd etmək istərdim ki, bu yanaşma nəqliyyat əlçatanlığının təmin olunması ilə yanaşı, eyni zamanda ərazilərin sosial-iqtisadi inkişafı baxımından da strateji əhəmiyyət daşıyır. Təmsil etdiyim dairə üçün yolların vəziyyəti sadəcə rahatlıq məsələsi deyil. Bu, ilk növbədə tibbi xidmətlərə, təhsilə, iş yerlərinə çıxış, vətəndaşların təhlükəsizliyi və sahibkarlığın inkişafı üçün real imkanlar deməkdir. Məhz buna görə də Cənab Prezident tərəfindən bu ərazilərin inkişafına, xüsusilə yol infrastrukturuna göstərilən diqqət vaxtında verilmiş qərardır və buna görə dövlət başçımıza həm öz adımdan, həm də seçicilərim adından minnətdarlığımı bildirirəm.
Xüsusilə vurğulamaq istərdim ki, sözügedən sərəncam yerli səviyyədə mövcud real ehtiyacları nəzərə alır, mərkəzi və regional icra orqanları arasında daha səmərəli əməkdaşlıq üçün möhkəm əsas yaradır. Bu isə mövcud problemlərin ardıcıl və sistemli şəkildə həllinə, insanların həyat keyfiyyətinin yüksəldilməsinə imkan verir.
Nigar Məmmədova
Milli Məclisin deputatı