“Cəbhə Suriya, Mesaj Ankara, Alət Liviya” – Kipr–İsrail–Yunanıstan Xəttində Təhlükəli Yaxınlaşma
Təhlükəsizlik və terror məsələləri üzrə ekspert Abdullah Ağar, Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Həddadın Ankara səfərindən sonra təyyarəsinin qəzaya uğramasını sadəcə texniki hadisə kimi qiymətləndirməyin doğru olmadığını bildirib. Ağarın fikrincə, bu olay Türkiyəyə yönəlmiş çoxqatlı geosiyasi təzyiq və mesaj zəncirinin bir hissəsidir.
Ağar xüsusilə Şərqi Aralıq dənizində İsrail–Cənubi Kipr Rum İdarəsi–Yunanıstan yaxınlaşmasının sürətlənməsinə diqqət çəkib. Bu xəttin məqsədi bölgədə sabitlik yaratmaq deyil, Türkiyə–Liviya dəniz səlahiyyət zonaları razılaşmasını, Ankaranın Aralıq dənizindəki hərbi-siyasi mövcudluğunu və Suriyada atacağı mümkün addımları zəiflətməkdir.
Ekspertin sözlərinə görə, Liviya üzərindən verilən bu mesaj birbaşa Ankaradakı qərar mərkəzlərini hədəf alır: “Suriyaya birbaşa toxunmaq baha başa gəlir. Buna görə dolayı təzyiq üsulu seçilir. Liviya bu geosiyasi oyunda alətə çevrilə bilər”.
Ağar vurğulayıb ki, İsrailin Cənubi Kipr və Yunanıstanla dərinləşən hərbi və enerji əməkdaşlığı yalnız Aralıq dənizini deyil, Qəzza, Suriya və Kipr mərkəzli yeni qarşıdurma xəttini də qidalandırır. Bu proses Türkiyənin strateji müstəqilliyini hədəf alan daha geniş planın tərkib hissəsidir.
Abdullah Ağara görə əsas risk sərt reaksiya deyil, yanlış oxuma və yanlış aktora yönəlmiş addımdır. Belə səhv addımların geri dönməz gərginliyə yol aça biləcəyi xəbərdarlığı edən ekspert, Türkiyənin qərarlarını qoruyaraq metodlarını sərtləşdirməsinin daha doğru olacağını bildirib.
Ağarın analizinin yekun mesajı isə belədir: “Cəbhə Suriya, mesaj Ankara, alət Liviya. Amma əsas hədəf Türkiyənin çəkindirmə gücü və qərar iradəsidir.”
Serdar Şengül