İpoteka və Kredit Zəmanət Fondu tərəfindən satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilmiş mənzillərlə tanışlıq məqsədilə Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksinə mediatur təşkil edilib.
Modern.az xəbər verir ki, tədbir zamanı media nümayəndələri vətəndaşların ixtiyarına verilmiş yeni yaşayış sahələri ilə tanış edilib və mexanizmdən faydalanmaqla mənzil sahibi olmağın prosedurları barədə məlumatlandırılıb.
Bildirilib ki, 2025-ci ilin ötən dövründə mexanizm çərçivəsində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun Saray qəsəbəsində 2796 tam təmirli mənzil vətəndaşların ixtiyarına verilib. Sonuncu dəfə dekabrın 15-də Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksində 1, 2 və 3 otaqlı 188 tam təmirli mənzil təklif olunub.
Qeyd edilib ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində şəffaflığı və vətəndaşların rahatlığını təmin etmək məqsədilə müraciətlərin qəbulundan tutmuş mənzil seçiminə qədər bütün proses avtomatlaşdırılıb və Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) portalına inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzərindən həyata keçirilir.
Təklif edilən mənzillər sakinlərin istirahəti üçün geniş həyətyanı sahəyə malik, məktəb, uşaq bağçası, nəqliyyat və digər zəruri sosial infrastruktur obyektlərə yaxın ərazilərdə 2013-cü ildən sonra inşa edilmiş yaşayış komplekslərində yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla təmir olunub, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.
İndiyədək əhaliyə Bakı, Sumqayıt və Xırdalan şəhərləri, habelə Abşeron rayonu üzrə 17 müxtəlif ünvanda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edilib. Ümumilikdə, 2020-ci ildən, kirayə mənzil mexanizminin tətbiqinə başlandıqdan bəri 9053 kirayə müqaviləsi bağlanılıb. Mexanizmdən yararlananların 60 faizdən çoxu gənclər və gənc ailələrdir