Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə sosial şəbəkə hesabında təbrik paylaşımı edib.
Modern.az xəbər verir ki, Saakaşvili “Facebook” səhifəsində dərc etdiyi mətndə Prezident İlham Əliyevi “Azərbaycan xalqının və bütün Qafqazın böyük oğlu” adlandırıb.
Sabiq Gürcüstan liderinin sözlərinə görə, İlham Əliyev Azərbaycan torpaqlarını azad edib, sülhü təmin edib və ölkəni beynəlxalq arenada obyektdən mühüm siyasi subyektə çevirib. Saakaşvili qeyd edib ki, müasir tarixdə çox az dünya lideri bu cür nailiyyətlərlə fəxr edə bilər və İlham Əliyevin adı tarixə “qızıl hərflərlə” yazılıb.
Paylaşımda Saakaşvili Prezident İlham Əliyevlə dostluq etməsindən və onunla sıx əməkdaşlıq imkanına malik olmasından qürur duyduğunu da vurğulayıb. O, Azərbaycan Prezidentinin bu gün də prinsipial mövqeyi və xalqının ləyaqətini qətiyyətlə müdafiə etməsi ilə nümunə göstərdiyini bildirib.
Sabiq Gürcüstan prezidenti təbrikini Prezident İlham Əliyevə uzun ömür və Azərbaycana firavanlıq arzulamaqla yekunlaşdırıb.