Modern.az

Müharibəyə qoşulan Azərbaycan vətəndaşlarına cinayət işi açıla bilər

Müharibəyə qoşulan Azərbaycan vətəndaşlarına cinayət işi açıla bilər

Aktual

25 Dekabr 2025, 09:34

Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlıların vətəndaşlıq vəziyyəti onların barəsində Azərbaycan qanununvericiliyinə əsasən hüquqi qiymət verilməsində əsas statusdur.

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 10-cu maddəsinə əsasən, Azərbaycan dövləti öz vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətini tanımır (beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla).

2014-cü ildə qanuna edilən dəyişikliyə görə, başqa ölkənin vətəndaşlığını qəbul edən şəxs 1 ay ərzində bu barədə Dövlət Miqrasiya Xidmətinə (və ya xaricdədirsə, konsulluğa) yazılı məlumat verməlidir.

Məsələ ilə bağlı Modern.az-a hüquqşünas Ramil Süleymanov açıqlama verib.

O qeyd edib ki, ilk övbədə belə şəxsin Azərbaycan Respublikası ilə hüquqi bağlılığı araşdırılmalıdır:

"Çünki bəzi hallarda ikili vətəndaşlığı olan şəxslər mövcuddur: Azərbaycan Respublikası prinsip etibarilə ikili vətəndaşlığı tanımır. Yalnız 2014-cü ilə qədər əldə edilmiş ikili vətəndaşlıq istisna təşkil edə bilər. Bir çox hallarda ikili vətəndaşlığı olan şəxslər sənədlərini dəyişmək istədikdə onlara seçim təqdim olunur: ya Azərbaycan vətəndaşlığını saxlayır, ya da digər ölkənin vətəndaşlığını.

Bu zaman şəxs Azərbaycan vətəndaşlığını saxlayaraq digər ölkənin vətəndaşlığından imtina edə və ya əksinə, Azərbaycan vətəndaşlığından imtina edərək, digər ölkənin vətəndaşlığını seçə bilər. Bu məsələlər ayrıca araşdırılır.

Əgər müəyyən edilərsə ki, Azərbaycan Respublikasının vətəndaşı, məsələn, Ukraynada hərbi əməliyyatlarda iştirak edib, bu halda onun barəsində cinayət işi başlanır. Hətta şəxs ölkə xaricindədirsə, barəsində qiyabi həbs qətimkan tədbiri seçilə və beynəlxalq axtarışa verilə bilər.

Azərbaycan Respublikası heç bir ölkə ilə ikili vətəndaşlıqla bağlı müqavilə bağlamayıb. Bu yanaşma Rusiya ilə münasibətlərdə də, Türkiyə ilə münasibətlərdə də eynidir.

Qanunvericilikdə bu məsələlərlə bağlı mexanizmlər mövcuddur. Azərbaycan vətəndaşı istədiyi halda ölkə Prezidentinin adına müraciət etməklə vətəndaşlıqdan imtina edə bilər. Lakin bu zaman həmin şəxsin dövlət qarşısında bütün hüquqi öhdəlikləri yoxlanılır: hərbi xidmət, inzibati və ya cinayət məsuliyyəti, cərimələr və digər məsələlər araşdırılır. Əgər hər hansı öhdəlik mövcuddursa, əvvəlcə onlar icra olunmalıdır". 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır