Modern.az

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

Aktual

26 Dekabr 2025, 20:26

Heydər Əliyev Fondu hər il olduğu kimi, bu il də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edib.

 

Modern.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər.

 

“Yeni il möcüzəsi” adlı bayram şənliyinə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də Vətən uğrunda canlarından keçən şəhidlərimizin övladları dəvət alıblar.

 

Bayram ovqatı ilə bəzədilən “Gülüstan” sarayında uşaqları nağıl qəhrəmanları qarşılayıb. “Face Art” vasitəsilə uşaqlar özləri də istənilən möcüzə qəhrəmanını canlandırmaq imkanı qazanıblar.

 

Uşaq bayramı videoçarxın nümayişi ilə başlayıb. Balacaların ən böyük dostu və himayədarı olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vaxtilə yeni nəslə qayğısından, müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarını uşaqlarla birlikdə keçirməsindən bəhs edən görüntülər maraqla izlənilib. Videoçarxda Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşlərindən də maraqlı anlar əks olunub.

 

Uşaqlara təqdim edilən əyləncələrlə dolu səhnəcik dostluq, xeyirxahlıq, qarşılıqlı kömək üzərində qurulub: xoşniyyətli insanların hər zaman qələbə çaldığı göstərilir.

 

Yeni il ovqatlı sarayda uşaqlar bayramı tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının əhatəsində rəqs edib, mahnı ifa edərək keçiriblər.

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqların, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin bizə əmanəti olan övladlarının problemlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu uşaqların hər zaman qayğı ilə əhatə olunmasına çalışır. Fondun ənənəvi Yeni il şənlikləri də məhz həmin kateqoriyadan olan uşaqları sevindirmək məqsədilə təşkil edilir.

 

İyirmi bir il ərzində Fondun keçirdiyi Yeni il şənliklərində qayğıya ehtiyacı olan minlərlə uşaq iştirak edib.

 

Əyləncəli proqramın sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi