Beynəlxalq münasibətlər və hərbi ekspert Sinan Yıldız MediaTürk TV-də yayımlanan Serdar Şengülün aparıcılığı ilə “Net Baxış 360” proqramında Türkiyənin Yalova vilayətində baş verən terror hadisələrini şərh edib.
Modern.az xəbər verir ki, proqramda çıxış edən Yıldız terror aktı nəticəsində şəhid olan 3 polis əməkdaşına Allahdan rəhmət, ailələrinə və bütün Türkiyə xalqına başsağlığı verib.
Sinan Yıldız bildirib ki, Türkiyədə terror aktlarının xüsusilə dekabr ayı və Yeni il ərəfəsində artması təsadüfi deyil. O vurğulayıb ki, Yeni il xristian dünyası üçün müqəddəs dövrdür, eyni zamanda müsəlman coğrafiyasında da Yeni il ərəfəsində ictimai həssaslıq və psixoloji təsir daha güclü olur. Bu səbəbdən həmin dövrdə törədilən terror aktları uzunmüddətli psixoloji təsir yaratmağı hədəfləyir.
Hərbi və terror üzrə ekspert Sinan Yıldız qeyd edib ki, İŞİD terror təşkilatının Türkiyədəki “yatmış hüceyrələri” hərəkətə keçib və güclənən Türkiyəni həm daxildən, həm də xaricdən zəiflətmək məqsədi güdülür.
Aparıcı Serdar Şengülün “Qlobal miqyasda artan sabotajlar, vurulan hərbi təyyarələr və PUA-ların bu dövrdə intensivləşməsini nə ilə əlaqələndirirsiniz?” sualına cavab verən Yıldız bildirib:
“İŞİD özünü müsəlman kimi təqdim edən bir terror təşkilatıdır. Məsələn, Ankarada qəzaya uğrayan və Liviya Baş Qərargah rəisi ilə heyətinin olduğu xüsusi təyyarənin bu tip terror qrupları tərəfindən sui-qəsd nəticəsində vurulmuş ola biləcəyi ilə bağlı ciddi şübhələr var.”
Sinan Yıldız terror teologiyasına görə baş verənlərin təsadüf olmadığını, dünyanın hazırda III Dünya müharibəsinin astanasında olduğunu bildirib. O qeyd edib ki, dünyanı bürüyən terror dalğası bu prosesin tərkib hissəsidir. Xüsusilə Türkiyənin yerləşdiyi coğrafiyanın həssaslığı məqsədli şəkildə sabotaj edilir, bəzi regional ölkələr isə bu prosesə dolayı dəstək verir.
Yıldız çıxışının sonunda hibrid müharibələrin başlama mərhələsinə daxil olunduğunu, dünyanın getdikcə münaqişə və savaş mühitinə sürükləndiyini vurğulayıb.
Serdar ŞENGÜL