Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan, dövlətçilik tariximizin məntiqi inkişafının və milli azadlıq mübarizəsinin ideoloji nəticəsi kimi formalaşmış ümumxalq bayramıdır.
Bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid milli məqsədlər, ortaq dəyərlər və güclü dövlətçilik ideyası ətrafında birləşdirir. Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, Dünya azərbaycanlılarının həmrəyliyi günü xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən ideoloji platformadır.
Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün bu gün inam və ümid rəmzidir. Çünki dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan yeganə siyasi-hüquqi təminat müstəqil və suveren Azərbaycan dövlətidir.
31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında bu tarixin bayram kimi qeyd edilməsi barədə tarixi qərar qəbul olunmuşdur. Nəticə etibarilə, Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın 25-də 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi haqqında qanun qəbul etmişdir. Bu qərar təkcə təqvim hadisəsi deyil, Sovet imperiyasının süqutu fonunda milli birliyin və tarixi ədalətin bərpasına yönəlmiş siyasi-ideoloji addım idi.
Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədlərə yürüşü, süni ayrılıqlara etirazı, sərhəd dirəklərinin sökülməsi azərbaycanlıların vahid millət olduğunu dünya ictimaiyyətinə nümayiş etdirdi. Həmrəylik Günü məhz bu birləşmək istəyinin rəmzinə çevrildi. Dünya azərbaycanlılarının birliyinin ideoloji təməli azərbaycançılıq məfkurəsidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün azərbaycanlıları birləşdirən əsas dəyərlər vahid Vətən – Azərbaycan, vahid dil – Azərbaycan dili və ümumxalq ideologiyasıdır. Bu ideologiya milli-mənəvi dəyərlərə hörmət, tarixi köklərə bağlılıq və ümumbəşəri prinsiplərlə vəhdət təşkil edir. Ulu Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı milli qürurun və mənəvi həmrəyliyin simvoluna çevrilmişdir. Bu ideya dünya azərbaycanlılarının təşkilatlanmasına, milli mənlik şüurunun möhkəmlənməsinə güclü stimul vermişdir. Azərbaycan dövlətinin diaspor siyasəti Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış, Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun olaraq ardıcıl və sistemli şəkildə inkişaf etdirilmişdir. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu siyasətin institusional əsaslarını qoymuş, 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi bu istiqamətdə mühüm mərhələ olmuşdur. Prezident İlham Əliyevin 2008-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, 2018-ci ildə Azərbaycan Diasporuna Dəstək Fondunun təsis edilməsi, 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsdiqi diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləmişdir. Bu gün dünyanın 70-dən çox ölkəsində 50 milyondan artıq azərbaycanlını əhatə edən güclü diaspor şəbəkəsi mövcuddur.
Vətən müharibəsi Azərbaycan xalqının və dünya azərbaycanlılarının misilsiz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Xaricdə yaşayan soydaşlarımızın fəal mövqeyi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, düşmən təxribatlarına qarşı qətiyyətli mübarizəsi tarixi Qələbəmizə layiqli töhfə oldu. 2022-ci ildə azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı bu həmrəyliyin siyasi və mənəvi təntənəsi oldu.
Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq Azərbaycan qalib dövlət, Azərbaycan xalqı isə müzəffər xalqdır. “Dəmir yumruq” həm Qələbənin, həm də milli birliyin rəmzinə çevrilmişdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin, güclü dövlətçiliyin və ümumbəşəri dəyərlərlə uzlaşan azərbaycançılıq ideologiyasının təntənəsidir. Bu gün təkcə tarixi yaddaş deyil, həm də gələcəyə yönəlmiş strateji milli hədəflərin ifadəsidir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün Azərbaycan dövləti etibarlı dayaq, həmrəylik isə əbədi dəyər olaraq qalır.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı