Modern.az

İdeal, iradə və iş kimi meydana çıxan HƏMRƏYLİK

İdeal, iradə və iş kimi meydana çıxan HƏMRƏYLİK

Aktual

30 Dekabr 2025, 11:01

44 günün tarixi dərsi və 2025-ci ilin diplomatik nəticələri

Yəqin hər ölkənin, xalqın özünəxas həmrəylik bayramı vardır; Dünya Azərbaycanlılarının Həmrəylik Günü - iş elə gətirib, təqvim ilinin son ayının son gününə düşür və bu bayram həm də təzə ilin gəlişi ilə, yeni başlanğıcla assosiasiya olunur. Buna təsadüf, təvafüq və ya bir başqa ifadə ilə dəyərləndirmə edənlərin hərəsinin öz əsası, düşüncəsi, fikri ola bilər, olsun; üç onillikdən artıq müddətdə bayram edilən və gələcəkdə də bayram ediləcək bu günün tarixinə sayğımızı əskilmətdən artıq xarakterləşməsini, sabitləşməsini və yeni həmrəyliklərə vəsilə olmasını qürurla vurğulayırıq.

Həmrəylik anlayışı bizimçün tribunadan səslənən bir çağırış, bayram günlərində xatırlanan bir ideya deyil, əlbəttə. Tarix göstərdi ki, xalqın taleyini dəyişən məqamda həmrəylik əməl, davranış və iradə kimi meydana çıxmalı, başqa sözlə,
idealdan işə, işdən qoruyucu və ucaldıcı iradəyə keçməlidir. Azərbaycan xalqı bu sınaqdan 5 il öncə, başabaş 44 günün içində bir daha və alnıaçıq, üzüağ, başıdik çıxdı.

2020-ci ilin payızı, milli psixologiyanın yenidən formalaşdığı fövqəladə zaman idi. Cəbhədə əsgər döyüşürdü, arxada xalq möhkəm dayanmışdı. Paytaxtdan ucqar kəndlərə, ölkə içindən dünyanın dörd bir yanına qədər vahid mövqe vardı: dövlətin yanında olmaq! Azərbaycan dövlətinin yanında olmaq haqqın, ədalətin, əsalətin yanında olmaqdı. Bu, klassik anlamda həmrəylikdən daha təsirli və üstün – yüksək tarixi məsuliyyətin paylaşılması idi.

Prosesin mərkəzində isə heç şübhəsiz, siyasi iradə dayanırdı. Prezident, Ali Baş Komandan İlham Əliyev milli iradəni toparlayan güclü lider kimi çıxış etdi. Onun beynəlxalq mediaya – elə bil istintaq aparırmış kimi davranan “silahlanmış jurnalistlər”ə verdiyi müsahibələr, diplomatik ritorikası, qəti və soyuqqanlı mövqeyi göstərdi ki, müharibə yalnız cəbhədə aparılmır. İnformasiya, hüquq və diplomatiya cəbhələrində də vahid xətt var idi. Qardaş Türkiyənin istiqlal savaşında Mustafa Kamal Paşanın dediyi kəlam kimi – xətti müdafiə yoxdu, səthi müdafiə vardı – həm düşmən öncəbhədən uzaqlara raketlər atırdı həm də hərb meydanından savayı digər əməli fəaliyyət sahələri üzrə də savaş gedirdi: diplomatik, ideoloji-siyasi, mətbu və s… Bizim işimiz haqq işiydi; bizim işimiz müdafiədən keçmişdi, əks-hücumdaydıq; bizim qalib gəlməkdən başqa yolumuz yoxuydu!

Dövlət-xalq birliyinin ideoloji kökü isə təsadüfi deyildi. Harada yaşamasından, hansı statusu daşımasından asılı olmayaraq, hər bir azərbaycanlının arxasında güclü dövlətin dayandığını bilməsi böyük nemətdi. Bax, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də məhz bu siyasi-mənəvi xəttin məhsulu - bir rəmzi, tarixlərin bir günə sıxlaşması, təzahür və təcallasıdır.

44 günlük savaş göstərdi ki, diaspor anlayışı artıq folklor səviyyəsindən çıxıb təsir mexanizminə çevrilib. Avropa paytaxtlarında, Amerikada, Türkiyədə, Asiyada yaşayan soydaşlarımız informasiya savaşında öncəbhəyə keçdi. Ermənistanın illərlə qurduğu miflər, lobbi şəbəkələri məhz bu həmrəyliyin qarşısında dağılmağa başladı. Bu, illərlə formalaşdırılmış dövlət-diaspor modelinin bir sonucu idi.

Bəli, zaman göstərdi ki, bu birlik, savaş bitən kimi dağılmadı. Əksinə, 2025-ci il Azərbaycan diplomatiyası həmrəyliyin beynəlxalq sistemə çevrilmiş forması kimi tarixə düşür. Azərbaycanın bölgədə təşəbbüskar aktora çevrilməsi, yeni geosiyasi gerçəkliklərin diktə olunması, Türk dünyası ilə münasibətlərin strateji müstəviyə daşınması – bütün bunlar təsadüf sayıla bilərmi? – Əsla, yox!

Savaş qalibi Azərbaycan bu gün diplomatik gündəm formalaşdıran ölkə kimi qəbul olunur. Bölgəsəl layihələr, enerji və daşımaçılıq xəritələri, humanitar platformlar, beynəlxalq tədbirlər – bunların hamısında Azərbaycanın mötəbər imzası var. Və bu imza artıq müzakirə edilmir, qəbul olunur.

Özəlliklə diaspor siyasətinin yeni mərhələsi diqqətəlayiqdir. Dünya Azərbaycanlılarının Qurultaylarının Zəfər konsepti ilə davam etdirilməsi, Şuşanın bu prosesin rəmzinə çevrilməsi göstərdi ki, həmrəylik artıq nostalji olmaqdan çıxıb, strateji resursa dönüşüb. Bu resurs beynəlxalq müstəvidə sonuc verir.

Beləliklə, toplumumuzda həmrəylik artıq, gələcək planların əsas şərtidir. 44 gün bunu sübut etdi, 2025-ci il isə bu sübutu beynəlxalq miqyasda təsdiqlədi.

Bu gün həmrəylik haqqında danışmaq asandır. Çətin olan onu tarixə yazmaqdır. Azərbaycan xalqı isə bunu tarixdə bacarıb, bu gün bacarır, gələcəkdə də bacaracaqdır! 5 il, 2 il öncəki kimi – sözlə yox, əməli ilə!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ