“Euronews” telekanalı “Bakı Ağ Şəhər” (Baku White City) barədə reportaj hazırlayıb.
Modern.az xəbər verir ki, reportajda Bakı şəhərində inşası davam edən “Bakı Ağ Şəhər” layihəsi “insan mərkəzli şəhər planlaşdırması” konsepsiyasının uğurlu tətbiqi kimi təqdim edilib.
Bildirilib ki, bu layihə keçmiş sənaye zonalarının modern, davamlı və piyadalar üçün əlverişli şəhər məhəlləsinə çevrilməsini əks etdirir.
“Bakı Ağ Şəhər” göstərir ki, insan mərkəzli planlaşdırma, davamlılıq və piyadalar üçün əlverişli dizayn keçmiş sənaye zonasını gündəlik şəhər həyatına uyğun müasir məhəlləyə çevirə bilər. Layihə çərçivəsində tikilən məkanlar yalnız müasir yaşayış binaları deyil, həm də ticarət və ictimai funksiyaları birləşdirən məkandır”, - “Euronews”ün süjetində vurğulanır.
Reportajda bildirilir ki, buradakı şəhərsalma yanaşması avtomobil mərkəzli dizayndan uzaqlaşaraq insan ehtiyaclarını önə çəkir və küçələr, parklar ilə ictimai məkanlar arasında harmoniya yaradır.
Materialda qeyd edilir ki, bu tip planlaşdırma şəhər həyatının keyfiyyətini artırmağı, yaşayış mühitini daha əlverişli və rahat etməyi hədəfləyir. Reportajda layihənin tərtib olunmasında davamlı memarlıq, geniş yaşıl sahələr və mədəni məişət məkanlarının ön planda tutulduğu vurğulanır.
Reportajda həmçinin vurğulanır ki, layihənin icrası şəhərdə daha sağlam və sosial baxımdan aktiv həyat tərzini təşviq edir və bu, Bakı şəhərini gələcəyə hazırlayan müasir şəhərsalma yanaşmasının nümunəsi kimi göstərilir.
Sözügedən video dünya miqyasında tanınmış "World Urban Forum"un tərəfdaşlığı ilə yayımlanıb və "Baku White City"nin şəhərsalmanın inkişafı sahəsində qabaqcıl təcrübələrdən biri olaraq təqdim edilir.