“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Şabran rayonunda keçirilən VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinə yekun vurulub.
Düşərgənin bağlanış mərasimi yüksək əhval-ruhiyyə və mənəvi dəyərlərlə yadda qalıb. Açılış nitqi ilə çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun İcraçı direktoru Əkrəm Abdullayev bu cür düşərgələrin gənclər arasında qarşılıqlı ünsiyyətin genişlənməsinə və milli dəyərlərin beynəlxalq müstəvidə davamlı şəkildə ötürülməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova düşərgənin şəhid övladlarının sosial adaptasiyası, özünəinamının artırılması və sağlam mühitdə inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Layihənin ideya müəllifi, Azərbaycanın İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov “Qardaşlaşmış Qarabağ Məktəbləri” təşəbbüsünün əsas məqsədinin müxtəlif ölkələrdə yaşayan azərbaycanlı uşaqları ortaq milli yaddaş və dəyərlər ətrafında birləşdirmək olduğunu bildirərək, artıq ardıcıl bir neçə ildir ki, layihənin müxtəlif ölkələrdə yaşayan diaspor üzvlərimizin iştirakı ilə uğurla həyata keçirildiyini qeyd edib.
Tədbirdə qonaq qismində çıxış edən millət vəkili Mehriban Vəliyeva bu cür düşərgələrin xaricdə yaşayan azərbaycanlı uşaqlarla şəhid övladları arasında mənəvi bağların möhkəmlənməsində mühüm rol oynadığını vurğulayaraq, gənc nəslin milli kimlik, vətənpərvərlik və birgəlik ruhunda yetişməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib.
Azərbaycanın Xalq artisti, professor, tanınmış dirijor Yalçın Adıgözəlov isə çıxışında gənclərin mədəniyyət və incəsənət vasitəsilə milli dəyərlərə daha dərindən bağlanmasının əhəmiyyətindən danışıb, düşərgə iştirakçılarına gələcək təhsil və həyat yollarında uğurlar arzulayıb.
Çıxışçılar həmçinin düşərgə iştirakçılarını 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara yeni ildə sağlamlıq və yüksək nailiyyətlər arzulayıblar.
Bağlanış mərasimi çərçivəsində “Star Band” qrupu tərəfindən təqdim olunan musiqili və əyləncəli proqram düşərgə iştirakçılarına unudulmaz anlar yaşadıb, tədbirə xüsusi rəng qatıb.
Qeyd edək ki, 23–29 dekabr 2025-ci il tarixlərində “Shabran Wellbeing Resort” İstirahət və Sağlamlıq Mərkəzində Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri ilə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin məktəbli övladlarının iştirakı ilə keçirilən düşərgə ərzində müxtəlif maarifləndirici təlimlər, intellektual oyunlar, mədəni və idman tədbirlər, həmçinin Quba Soyqırımı Memorial Kompleksi, Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi kimi bölgənin tarixi və turistik məkanlarına ekskursiyalar təşkil olunub. Düşərgənin ikinci mərhələsinin isə 2026-cı ilin yay aylarında Fransada keçirilməsi planlaşdırılır.