Modern.az

TALAT: Əsas Təhlükə İranda Yaşanacaq - VİDEO

TALAT: Əsas Təhlükə İranda Yaşanacaq - VİDEO

Aktual

6 Yanvar 2026, 10:20

KKTC-nin 2-ci Prezidenti Mehmet Ali Talatdan MediaTürk TV-də Səs Gətirən Açıqlamalar:
“ABŞ-ın İrana yönəlik təhdidləri Venesueladan daha təhlükəlidir”

Şimali Kipr Türk Respublikasının (KKTC) 2-ci Prezidenti Mehmet Ali Talat MediaTürk TV-də Serdar Şengülün aparıcılığı ilə yayımlanan “Net Baxış 360 Dərəcə” proqramında gündəmə dair son dərəcə mühüm və diqqətçəkən açıqlamalar verib.

Modern.az xəbər verir ki, Talat çıxışında ABŞ-ın qlobal siyasətini, Kipr məsələsini, Şərqi Aralıq dənizində formalaşan güc balansını və Türk dünyasının gələcəyini geniş şəkildə dəyərləndirib.

“Əsas Təhlükə İranda Yaşanacaq”

Proqramda ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi əməliyyatlara toxunan Talat, əsl böyük təhlükənin İran üzərindən formalaşdığını vurğulayıb. ABŞ-ın İrana qarşı açıq müdaxilə təhdidlərinin son dərəcə riskli olduğunu bildirən Talat, belə bir addımın təkcə bölgəni deyil, bütün dünyanı təsirləndirə biləcək ağır nəticələr doğuracağını qeyd edib.

Talat bildirib:

“Venesuelada tətbiq edilən həddindən artıq güc belə bu qədər təhlükəli deyil. İrana mümkün müdaxilə daha böyük və nəzarətsiz nəticələrə yol aça bilər.”

“ABŞ Cənubi Kiprdə Hərbi Baza Qurub, Silah Embarqosunu Ləğv Edib”

ABŞ-ın Şərqi Aralıq dənizindəki hərbi addımlarını sərt şəkildə tənqid edən Talat, Vaşinqtonun Cənubi Kipr Rum Administrasiyasında hərbi baza qurduğunu və illərdir tətbiq olunan silah embarqosunu aradan qaldırdığını xatırladıb.

Bu vəziyyətə qəti şəkildə qarşı olduqlarını bildirən Talat tarixi bir məqamı da xatırladıb:

“1974-cü ildə baş verən hadisələr zamanı kiprli rumlar ABŞ səfirini öldürmüşdülər. ABŞ bunu necə bu qədər tez unutdu? Bu gün Cənubi Kiprdə baza qurulması və silah embarqosunun ləğvi ciddi ziddiyyətdir.”

“ABŞ və Fransanın Kiprdə Fərqli Maraqları Var”

Talat ABŞ və Fransanın Kipr məsələsində neytral mövqe tutmadığını, hər iki ölkənin adada fərqli strateji maraqlar güddüyünü bildirib.

Kipr türk tərəfinin ABŞ və Fransadan tərəf tutmadan, ədalətli və balanslı yanaşma gözləməsi ən təbii haqqıdır, – deyə Talat vurğulayıb və bunun beynəlxalq hüquqla tam uzlaşdığını qeyd edib.

“Türk Dünyasının Birliyi Həyati Əhəmiyyət Daşıyır”

Dünyanın ciddi böhran mərhələsindən keçdiyini bildirən Talat, bu şəraitdə Türk dünyasının tam birlik və həmrəylik içində hərəkət etməsinin son dərəcə vacib olduğunu deyib. Qlobal qeyri-müəyyənliklərin artdığı bir dövrdə türk dövlətləri arasında siyasi, iqtisadi və diplomatik əməkdaşlığın gücləndirilməsinin zəruri olduğunu vurğulayıb.

“ABŞ Yaxın Dövrdə Kipr Məsələsinə Müdaxilə Etməyəcək”

Talat, ABŞ-ın yaxın zamanda Kipr probleminə fəal şəkildə müdaxilə etməyəcəyi qənaətində olduğunu da bölüşüb. Onun sözlərinə görə, qlobal böhranlar və böyük güclər arasındakı rəqabət səbəbindən Kipr məsələsi bir müddətlik kənara qoyulacaq və gözləmə mərhələsinə keçiriləcək.

Azərbaycan–KKTC–Türkiyə Vurğusu Serdar Şengülün sualı üzərinə Azərbaycan–KKTC münasibətlərini də dəyərləndirən Talat, Azərbaycanın, Türkiyənin və KKTC-nin maraqlarının ortaq olduğunu bildirib.

Bu kritik dövrdə Azərbaycanın KKTC-yə yaxın olmasının son dərəcə önəmli olduğunu vurğulayan Talat,
“Azərbaycanın KKTC-yə yaxınlığını bütün gücümlə dəstəkləyirəm”, – deyə qeyd edib.

“Şərqi Aralıq dənizində Tarazlıq KKTC-siz Qurula Bilməz”

Proqram boyunca verilən mesajların əsas xəttində Şərqi Aralıq dənizində davamlı sabitliyin KKTC-nin görməzdən gəlinməsi ilə mümkün olmayacağı fikri ön plana çıxıb. Talat bildirib ki, beynəlxalq aktorlar ədalətli, balanslı və realist mövqe sərgiləmədiyi müddətcə bölgədə gərginlik davam edəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır