İranda etiraz aksiyaları davam etməkdədir. Etirazların nə ilə nəticələnəcəyi, eləcə də orada yaşayan soydaşlarımızın prosesdən necə təsirlənməsi kimi məsələlər maraq doğurur.
Baş verənlərlə bağlı Modern.az-a açıqlama verən Güney Azərbaycan İcmasının sədri Sayman Aruz bildirib ki, İrandakı hadisələr insanların faciəsidir:
"İran rialının rekord səviyyədə dəyərdən düşməsi sadəcə iqtisadi hadisə deyil. Bu, xalqın cibinin boşalması, ümidinin sınması, sabaha olan inamının çökməsidir. Çörək bahalaşanda səbr edirlər, dərman tapılmayanda dözürlər, amma artıq yaşamaq mümkün olmayanda insan susa bilmir. Bu etirazlar məhz həmin “bəsdir” nöqtəsidir. Qısa müddətdə möcüzə gözləmək sadəlövhlük olar. İrandakı rejim bu tip etirazları boğmaqda təcrübəlidir. Amma bu dalğa əvvəlkilərdən fərqlidir. Çünki artıq söhbət təkcə maaşdan, inflyasiyadan getmir. Etirazların alt qatında rejimə etimadsızlıq, gələcək qorxusu və milli alçaldılma hissi yatır. Bu proses geri dönməyən bir psixoloji qırılmadır. Rejim bəlkə bu aksiyanı dağıdacaq, amma xalqın içində yığılan qəzəbi artıq heç vaxt əvvəlki vəziyyətinə qaytara bilməyəcək".
S.Aruz qeyd edib ki, Güney azərbaycanlıların etirazı ikiqat ağrılıdır:
"Bir tərəfdən bütün İran xalqı kimi yoxsulluqdan, işsizlikdən, rialın dəyərsizləşməsindən, digər tərəfdən isə milli hüquqların tapdanmasından əziyyət çəkirlər. Ana dilində təhsil yoxdur, milli kimlik sistemli şəkildə sıxışdırılır, bölgələr iqtisadi baxımdan bilərəkdən geridə saxlanılır. İnsan düşünür: “Mən bu ölkənin vətəndaşıyam, bəs niyə öz dilimdə yazıb-oxumaq, hətta danışmaq belə problemə çevrilib?” Bu sual cavabsız qaldıqca, etiraz da səngimir".
Güney Azərbaycan İcmasının sədri azərbaycanlıların bu aksiyalarla bağlı ehtiyatı və ağıllı davrandıqlarını qeyd edib:
"Güney Azərbaycan şəhərləri tarixən bu cür proseslərin önündə olub. Təbriz, Urmiya, Ərdəbil kimi şəhərlərdə narazılıq var və bu narazılıq səssiz deyil. Sadəcə, orada insanlar yaxşı bilirlər ki, hər şüarın, hər addımın ağır bədəli ola bilər. Buna görə də aktivlik bəzən küçədə yox, ümumi etiraz ruhunda, rədd etmə davranışında, sistemdən üz çevirmədə özünü göstərir. Ancaq bu o demək deyil ki, Güney Azərbaycan sona qədər səssizliyini qoruyacaq. Proseslər irəlilədikcə, güneyli soydaşlarımız da öz talelərini həll etmək üçün lazımi addımları atacaqlar.
Bu etirazlar bəlkə də hələ rejimi yıxmayacaq. Amma bir həqiqəti artıq dəyişib: İran cəmiyyətində qorxu əvvəlki gücündə deyil. Güney azərbaycanlılar da daxil olmaqla insanlar artıq anlayır ki, susmaq onları xilas etmir. Və bu anlayış rejim üçün hər hansı şüardan daha təhlükəlidir. Bu, sadəcə etiraz deyil, bir xalqın tükənmiş səbrinin səsidir”.

Güney azərbaycanlı ozan Araz Elsəs isə vurğulayıb ki, azərbaycanlılar uyğun məqamın yetişməsini gözləyirlər:
“İranın fərqli bölgələrində böyük etiraz dalğaları yaşanır. Güny Azərbaycanda etirazlar daha azdır, demək olar ki, yox kimidir. Bunun da səbəbləri var. Günylilər bundan öncə - keçmiş 10 illərdə həmişə hərəkatın başında olublar. Hərəkat bitdikdən sonra heç bir pay almadıqlarına görə, azərbaycanlılar əvvəlkindən daha ayıq-sayıqdırlar. İndi onlar hadisələri diqqətlə izləyir və məqam gözləyirlər. Məqam yetişdikdə bizim xalqımız ləyaqətini ortaya qoyub öz haqlarına çatacaqlar.
Bahalıq, inflyasiya kimi məsələlər üzündən etirazlar davam edir. İran iqtisadiyyatı çox pis vəziyyətdədir. Tarixdə belə bir durum yaşamamışdı. Bu da İran hökumətinin apardığı yanlış siyasətin nəticəsidir. O
Venesuelada baş verən hadisələr, Maduronun siyasətdən silinməsi, ardınca Trampın İrandakı etiraz dalğalarını dəstəkləməsi İrandakı bütün millətləri ümidləndirib. Azərbaycan türkləri də anı, məqamı gəldiyində ayaqlarını yerə vurub, dikəlib, yüksəlib milli haqlarını tələb edəcəklər. Uzun sözü qısası, İran hakimiyyəti elə bir nöqtəyə gəlib çatıb ki, ya böyük dəyişikliklər edib islahatlara getməlidir, ya da getməlidir”.