"2025-ci il Azərbaycan–Amerika münasibətlərinin tarixində sıradan bir il deyil. Bu il, əslində, Azərbaycanın müstəqillik dövründə qarşılaşdığı ədalətsizliklərin aradan qaldırılması, geosiyasi çəkisinin qəbul edilməsi və beynəlxalq münasibətlər sistemində yeni statusunun təsdiqi kimi qiymətləndirilməlidir. Azərbaycan müstəqillik qazandıqdan sonra ABŞ ilə münasibətlərində ən böyük maneə, sözün əsl mənasında, qara kölgə kimi üzərində dolaşan 907-ci düzəliş idi. Bu düzəliş nə hüquqi, nə də siyasi baxımdan obyektiv meyarlara söykənirdi. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, əksinə, işğala məruz qalan tərəfi – Azərbaycanı cəzalandıran, təcavüzkarı isə faktiki olaraq müdafiə edən absurd bir mexanizm idi."
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Kərimli deyib.
Millət vəkili bildirib ki, 1992-ci ilin oktyabrında qəbul edilmiş 907-ci düzəlişin “blokada” arqumenti isə tamamilə uydurma idi:
"Çünki həmin dövrdə Azərbaycanın torpaqları işğal altındaydı, Xocalı soyqırımı törədilmişdi, Ermənistanın Gürcüstan və İranla sərhədləri açıq idi. Hansı blokadadan söhbət gedə bilərdi?
Bu ədalətsizliyin əsas memarlarından biri kimi Prezident İlham Əliyevin Co Baydenin adını xüsusi vurğulaması təsadüfi deyil. Məhz bu fakt Obama–Bayden və Bayden–Blinken administrasiyaları dövründə Azərbaycan–ABŞ münasibətlərinin niyə böhranlı vəziyyətə salındığını aydın şəkildə izah edir.
Tramp administrasiyasının hakimiyyətə gəlişi isə bu mənzərəni köklü şəkildə dəyişdi. Prezident Trampın iştirakı ilə 907-ci düzəlişin faktiki olaraq aradan qaldırılması simvolik addım olmaqla yanaşı, Amerikanın Azərbaycanla münasibətlərə yeni praqmatik yanaşmasının göstəricisi oldu.
Azərbaycanla ABŞ arasında Strateji İşçi Qrupunun yaradılması və strateji tərəfdaşlıq xartiyasının hazırlanması artıq münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu əməkdaşlıq təkcə siyasi deyil, iqtisadiyyat, nəqliyyat, enerji, hərbi-sənaye və investisiya sahələrini əhatə edən kompleks modeldir.
Zəngəzur dəhlizinin ABŞ Prezidenti tərəfindən dəstəklənməsi isə bu prosesin kulminasiya nöqtəsidir. Dəhlizin adının necə olmasının heç bir əhəmiyyəti yoxdur, ən əsası odur ki, mahiyyət dəyişmir. Bu, Azərbaycanın bərqərar etdiyi tarixi ədalətin və ölkəmizin regional liderliyinin təntənəsidir. Ermənistan üçün isə bu yol dalandan çıxış imkanıdır. Əgər kimsə bunu siyasi uduzma kimi görürsə, bu artıq iqtisadi və məntiqi deyil, psixoloji problemdir.
Prezident İlham Əliyevin AXC–Müsavat hakimiyyəti ilə bağlı səsləndirdiyi fikirlər tarixi reallığın obyektiv təsviridir. Həmin dövrdə dövlət idarəçiliyi təsadüfi adamlara tapşırılmış, diplomatiya isə faktiki olaraq iflic vəziyyətinə salınmışdı. Nəticədə Azərbaycan öz haqq səsini beynəlxalq müstəvidə çatdıra bilmədi və 907-ci düzəliş kimi biabırçı qərarların qarşısını almaq mümkün olmadı.
Bu müqayisə təsadüfi deyil. Çünki bu gün əldə edilən nəticələr peşəkar dövlət idarəçiliyinin, strateji baxışın və milli maraqlara söykənən siyasətin məhsuludur."

Deputatın sözlərinə görə Azərbaycan 2020 və 2023-cü illərdə hərbi gücünü nümayiş etdirdi, lakin onu intiqam alətinə çevirmədi:
"Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan istəsəydi Ermənistanın şəhərlərini də Ağdamın gününə qoya bilərdi. Amma bunu etmədi. Bu, zəiflik deyil, dövlət müdrikliyinin və məsuliyyətin göstəricisidir.
Eyni zamanda, Azərbaycan hərbi gücünü artırmaqda davam edir. Türkiyə ilə müttəfiqlik, Türk dövlətləri arasında hərbi əməkdaşlıq təşəbbüsü, müdafiə sənayesində özəl sektorun iştirakı, ixrac potensialının genişləndirilməsi bir məqsədə xidmət edir: Azərbaycanın təhlükəsizliyini təmin etmək və onu heç kimin təhdid edə bilməyəcəyi ölkəyə çevirmək.
Prezident İlham Əliyevin beynəlxalq hüquqla bağlı dedikləri acı, lakin real həqiqətdir. BMT qətnamələrinin 27 il kağız üzərində qalması göstərdi ki, beynəlxalq hüquq yalnız güclü olanda işləyir.
Bu gün dünya Azərbaycanın suverenliyini tanıyır. Qarabağ məsələsi tarixə qovuşub. Bu, yalnız hərbi qələbə deyil, beynəlxalq münasibətlər sisteminin ədalətsizliyinə vurulan ciddi zərbədir.
Zəngəzur dəhlizi, Naxçıvanın iki istiqamətdən – Ermənistan və İran üzərindən ölkənin əsas ərazisinə bağlanması, Orta Dəhlizin genişlənməsi, Şimal–Cənub marşrutunun yeni qolu, 8 giqavatlıq yaşıl enerji planları, 150 giqavatlıq külək potensialı – bütün bunlar Azərbaycanın təkcə regional yox, qlobal enerji və logistika mərkəzinə çevrildiyini göstərir.
Bu strategiyanın əsas fəlsəfəsi isə sadədir: Populizm yox, real imkanlar! Borc yox, dayanıqlı inkişaf! Şüar yox, real nəticə!
Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərdi ki, Azərbaycan yeni reallıqlar yaradan, oyun qaydalarını diktə etməsə də, onları dəyişə bilən aktordur.
2025-ci il bu mənada sadəcə təqvim ili deyil. Bu il Azərbaycanın tarixində ədalətin, gücün və strateji ağlın bir nöqtədə qovuşduğu mərhələ kimi qalacaq".