Bu cür hadisələr cəmiyyətdə ciddi narahatlıq yaradıb, tibb müəssisələrində istifadə olunan dərman preparatlarının keyfiyyəti, iynələrin vurulma qaydaları və tibbi nəzarətin yetərliliyi ilə bağlı sualları gündəmə gətirib.
Mövzu ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov Modern.az-a açıqlamasında bildirib ki, hələlik ictimaiyyətə təqdim olunmuş tam, təsdiqlənmiş və rəsmi faktlar yoxdur. Belə hallarda hadisənin səbəbləri, tibbi detalları, ekspertiza və hüquqi qiymətləndirmə açıqlanmadan qəti fikir bildirmək düzgün deyil. İlkin məlumatlara əsaslanaraq nəticə çıxarmaq həm cəmiyyətə yanlış mesaj verə, həm də istintaq prosesinə zərər verə bilər:
“Eyni zamanda nəzərə almaq lazımdır ki, yüksək hərarət və ya hər hansı digər şikayətlə xəstəxanaya və ya təcili yardıma müraciət edən şəxslərdə iynə vurulduqdan sonra baş verən ağırlaşmalar bir çox tibbi səbəblərlə əlaqəli ola bilər. Bu cür halların avtomatik olaraq iynənin səhv vurulması ilə əlaqələndirilməsi, rəsmi tibbi ekspertiza və sübutlar olmadan ictimai müstəvidə səsləndirilməsi elmi və peşəkar yanaşmaya uyğun deyil.
Hadisənin səbəbi yalnız klinik məlumatlar, laborator göstəricilər, istifadə olunan preparatın xüsusiyyətləri, xəstənin əvvəlcədən mövcud vəziyyəti və məhkəmə-tibbi ekspertiza rəyindən sonra obyektiv şəkildə qiymətləndirilə bilər. Bu səbəbdən faktlar dəqiqləşmədən və rəsmi nəticələr açıqlanmadan məsuliyyəti konkret tibbi müdaxilə üzərinə yönəltmək doğru hesab etmirəm”.
Həkim-infeksionist Əminə İsmixanova Modern.az-a açıqlamasında bildirib ki, problemin səbəbi dərmanın səhv vurulması və ya dozasının artıq olması deyil.
Dərmanın xəstəyə uyğun olub-olmamasını əvvəlcədən bilmək qeyri-mümkündür.
Bəzən xəstənin əvvəlcədən müəyyən reaksiyaları olur. Məsələn, bilir ki, hansısa antibiotikə qarşı allergiyası var. Amma elə xəstələr də var ki, ya ümumiyyətlə həkimə müraciət etməyib, ya da müraciət edib, lakin həmin dərman indiyə qədər istifadə olunmayıb.
Belə hallarda dərman vurulduğu anda xəstədə ani olaraq anafilaktik şok baş verə bilər və xəstə həyatını itirə bilər. Hətta bütün tibbi yardımlar göstərilsə belə, bəzən nəticə dəyişmir.
Yəni bu, burada orqanizmin dərmana qarşı verdiyi reaksiya faktoru var. Orqanizm şoka düşə, güclü allergik reaksiya göstərə bilər və ölüm halı baş verə bilər. Təəssüf ki, belə halların qarşısını əvvəlcədən tam şəkildə almaq mümkün deyil.