Modern.az

Azərbaycan artıq regional və qlobal səviyyədə etibarlı enerji tərəfdaşıdır

Azərbaycan artıq regional və qlobal səviyyədə etibarlı enerji tərəfdaşıdır

Aktual

7 Yanvar 2026, 10:02

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanalları vasitəsilə yayımlanan müsahibəsi müasir Azərbaycan dövlətçiliyinin ideoloji, siyasi və strateji konturlarını aydın şəkildə ifadə edən proqram xarakterli çıxış, müstəqilliyimizin bərpasından keçən illərə bir baxış, qalib xalqın gələcəyə dair inamlı yol xəritəsi, eyni zamanda Azərbaycanın çağdaş siyasi və mədəni gerçəkliklərini əks etdirən konseptual sənəd dəyərindədir. Bu müsahibə özündə milli birliyin, dövlətçiliyin və konstruktiv tarixi yaddaşın möhkəmləndirilməsi yönündə çoxistiqamətli ismarıclar ehtiva edir.

Dövlət başçısının müsahibəsi ölkənin bütün önəmli sahələrinə – enerji, nəqliyyat, elm və təhsil, turizm, dövlət idarəçiliyi, ana dili, milli kimlik və digər mövzulara sistemli və ardıcıl yanaşmanın nümunəsidir. Prezident müsahibəsində ölkəmizin indiki uğurları fonunda gələcəyə yönəlmiş strateji planlarını açıq-aydın təqdim edir. Toxunulan hər bir mövzu bir-biri ilə məntiqi bağlılıq təşkil edir və Azərbaycanın güclü, dayanıqlı və müstəqil dövlət kimi inkişaf perspektivlərini özündə ehtiva edir.

Enerji sahəsi Prezidentin müsahibəsində xüsusi yer tutur. Azərbaycan artıq regional və qlobal səviyyədə etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Dövlət başçısının açıqlamalarına görə, ölkənin qaz ixracı 14-dən 16 ölkəyə çatdırılacaq ki, bu da dünya miqyasında nadir göstəricidir. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Babək” və “Abşeron” yataqlarından hasilatın artırılması ölkənin ixrac potensialını yüksəldir. Eyni zamanda bərpaolunan enerji və texnoloji yeniliklər qlobal bazarlarda Azərbaycanın mövqeyini gücləndirir. Bu yanaşma yalnız iqtisadi fayda təmin etmir, həm də Azərbaycanın enerji təhlükəsizliyi və geosiyasi nüfuzunu möhkəmləndirir.

Nəqliyyat və şəhər infrastrukturuna dair açıqlamalar ölkənin müasir urbanistik və ekoloji inkişaf strategiyasını əks etdirir. Bakıda mikromobillik, piyadalar və velosipedçilər üçün geniş məkanların yaradılması, elektrobus və yeni metro stansiyalarının istifadəyə verilməsi şəhərin həm ekoloji, həm də sosial yönümlü inkişafını təmin edir. Dövlətimizin başçısı vurğulayır ki, bu tədbirlər tıxacların aradan qaldırılmasını, ətraf mühitin qorunmasını və şəhər sakinlərinin rahatlığını hədəfləyir. Dəmir yolları, körpü-tunel kompleksləri və yol ötürücüləri kimi strateji infrastruktur layihələri də şəhərin inkişafının davamlılığını təmin edir və beynəlxalq standartlara uyğunluğu nümayiş etdirir.

Elm və təhsil sahəsindəki yanaşma Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının təməlini təşkil edir. Elm və Təhsil Nazirliyinin yaradılması, elmi-tədqiqat institutlarının modernləşdirilməsi və gənc kadrların ön plana çıxarılması bu sahədə islahatların sistemli və məqsədyönlü olduğunu göstərir. “Yüksəliş” və digər dövlət proqramları gəncləri təşviq edir və savadlı, bilikli nəsil yetişdirməyi hədəfləyir. Prezident İlham Əliyev açıq şəkildə bildirir ki, neft və qaz resursları zənginlik gətirsə də, müasir texnologiyalar və davamlı inkişaf yalnız elm və təhsil sahəsinin güclü olmasına bağlıdır. Bu yanaşma ölkənin gələcək nəsillərinin rəqabət qabiliyyətini təmin edir və Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini gücləndirir.

Turizm sahəsi Prezidentin müsahibəsində həm strateji, həm də emosional baxımdan önəmli yer tutur. Azad edilmiş ərazilərdə, o cümlədən Şuşa, Laçın, Zəngilan və Kəlbəcərdə mehmanxanaların açılması, Şahdağda xizəksürmə üzrə dünya çempionatının keçirilməsi və sağlamlıq turizmi mərkəzlərinin təşviqi ölkənin turistlər üçün cəlbediciliyini artırır. Azərbaycan həm təhlükəsizlik, həm yerləşmə, həm də zəngin mədəniyyət və tarixi abidələr baxımından unikal turizm məkanıdır. Beynəlxalq idman və mədəni tədbirlər, həmçinin aeroport və nəqliyyat infrastrukturu turizmin sürətli inkişafını təmin edir. Prezident İlham Əliyev vurğulayır ki, turizm yalnız iqtisadi gəlir gətirmir, həm də ölkənin dünya arenasında tanınmasını, mədəniyyətinin təqdimatını və milli imicini gücləndirir.

Dövlət idarəçiliyi və kadr siyasəti Prezidentin müsahibəsində əsas diqqət mərkəzindədir. Ölkə rəhbəri vurğulayır ki, etimad göstərilən kadr yalnız vəzifəsini səmərəli yerinə yetirdikdə uzunmüddətli rol oynaya bilər; əks halda, inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacaq. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan xüsusi nümayəndəlik institutu çevik, operativ və daha az bürokratik idarəetmə modeli təqdim edir və bu modelin digər regionlarda da tətbiqi perspektivləri mövcuddur. Prezidentin vurğuladığı kimi, ictimai nəzarət, şəffaflıq və korrupsiyaya qarşı dözümsüzlük idarəçilikdə əsas prinsipdir.

Müsahibədə milli kimlik və torpaq anlayışı həm tarixi, həm də emosional dərinliklə təqdim olunur. Vətən müharibəsi zamanı hər azad edilmiş kəndə sancılan bayrağın gətirdiyi qüruru vurğulayan Prezident xüsusi diqqətə çatdırır ki, Azərbaycan torpağı onun üçün milli varlıq, suverenlik və xalqın birliyi anlamındadır. Bu gün torpaq anlayışı sülh, quruculuq və iqtisadi potensialla tamamlanır: münbit torpaq kənd təsərrüfatı və ölkə rifahı üçün yeni perspektivlər açır. Prezident İlham Əliyev qətiyyətlə bildirir ki, bundan sonra Azərbaycan torpağı heç vaxt kimsənin tapdağı altında olmayacaq, çünki güclü dövlət, iradəli xalq və birləşmiş ordu bunun təminatıdır.

Dövlət başçısının vurğuladığı kimi, 2025-ci il Azərbaycan üçün sülh, təhlükəsizlik və sabitlik ili olmuşdur. Bu reallığın təməlində dayanan əsas amil isə xalq–iqtidar birliyidir. Məhz bu birlik son illər ərzində Azərbaycanın üzləşdiyi bütün çağırışlara adekvat və qətiyyətli cavab verməsini təmin etmişdir. Prezident İlham Əliyev Vətən müharibəsində qazanılmış tarixi Zəfəri təkcə hərbi-siyasi nailiyyət kimi deyil, milli ləyaqətin, suverenliyin və ədalətin bərpası kimi dəyərləndirir. Beş il ərzində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin sistemli şəkildə artırılması, müasir silahlanma və yeni hərbi birliklərin formalaşdırılması dövlətin təhlükəsizlik siyasətinin strateji xarakter daşıdığını bir daha təsdiqləyir. Bu, müharibəyə deyil, sülhün qorunmasına xidmət edən gücdür.

Dövlətimizin başçısının beynəlxalq münasibətlər sisteminə dair səsləndirdiyi fikirlər xüsusi diqqətə layiqdir. Prezident açıq şəkildə bəyan edir ki, müasir dünyada beynəlxalq hüquq normalarının selektiv tətbiqi fonunda hər bir dövlət öz təhlükəsizliyini təmin etməyə borcludur. Azərbaycan isə bu reallığı nəzərə alaraq həm hərbi, həm siyasi, həm də diplomatik müstəvidə güclü mövqeyə malik olan məsuliyyətli dövlət kimi çıxış edir.

Postmünaqişə dövründə Azərbaycanın atdığı addımlar qalib ölkənin siyasi müdrikliyinin göstəricisidir. Ermənistanla paraflanmış sülh müqaviləsi, Minsk qrupunun tarixə qovuşması və Qarabağ məsələsinin beynəlxalq gündəlikdən çıxarılması Azərbaycanın Zəfərini hüquqi-siyasi müstəvidə tam şəkildə möhkəmləndirmişdir. Xüsusilə Qələbənin dünyanın ən nüfuzlu siyasi mərkəzlərindən birində — Ağ Evdə təsdiqlənməsi dövlətimizin beynəlxalq legitimliyinin bariz nümunəsidir.

Prezidentin müsahibəsində iqtisadi göstəricilər də qürurverici faktlarla təqdim olunur. Vurğulanır ki, artan valyuta ehtiyatları və müsbət investisiya reytinqləri Azərbaycanın iqtisadi müstəqilliyinin və dayanıqlılığının göstəricisidir. Bu güclü iqtisadi baza “Böyük Qayıdış” proqramının uğurla icrasına imkan yaratmış, artıq on minlərlə soydaşımızın doğma torpaqlarına qayıdışını təmin etmişdir.

Xarici siyasət sahəsində əldə edilən nailiyyətlər — D-8 təşkilatına üzvlük, Orta Asiya ölkələrinin Məşvərət Şurasında tamhüquqlu təmsilçilik, işğaldan azad edilmiş Xankəndidə və Qəbələdə keçirilən beynəlxalq zirvə görüşləri — Prezident İlham Əliyev tərəfindən çağdaş tariximizin parlaq səhifələri kimi dəyərləndirilir. Dövlət başçısı vurğulayır ki, bütün bunlar Azərbaycanın regional və qlobal miqyasda artan rolunu təsdiqləyir və bərabərhüquqlu tərəfdaşlığa, milli maraqlara və müstəqil siyasi iradəyə əsaslanan siyasətin məntiqi nəticəsidir.

Dünyanın qeyri-sabit bir dövründə, bir sıra ölkələrdə inqilabların silsilə şəklində baş verdiyi və dövlətlərin viran qaldığı bir vaxtda böyük güc mərkəzlərinin hədəfində olan Azərbaycanda ictimai-siyasi sabitliyin qorunması və sürətli iqtisadi inkişafa nail olunması asan başa gəlməmişdir. Təxminən otuz il ərzində ölkəmizi müharibəyə cəlb etməklə onun inkişafını əngəlləməyə və asılı vəziyyətə salmağa çalışan güc mərkəzlərinin cəhdlərinə baxmayaraq, Azərbaycan beynəlxalq müstəvidə öz müstəqil siyasətini yürütməyə və salındığı geosiyasi labirintdən çıxmağa nail olmuşdur. Bu mövqenin əldə olunması Azərbaycan xalqının Prezident İlham Əliyevin müdrik siyasətinə və mahir diplomatiyasına verdiyi dəstəyin nəticəsidir.

Ölkəmizin bu günündən danışan Prezident Azərbaycanı həm beynəlxalq aləmdə, həm regionda, həm də daxili siyasət prioritetlərinin düzgün seçilməsi baxımından bir çox dövlətlər üçün nümunə kimi təqdim etmişdir.

Azərbaycanın dünya dövlətləri ilə münasibətlərinin mahiyyəti, “Böyük Qayıdış”la bağlı görülmüş və görüləcək işlərin məzmunu, gələcək qlobal və regional iqtisadi layihələr barədə səmimi fikirlərini bölüşən Prezident bildirmişdir ki, bu gün Azərbaycanın qazandığı uğurlar, xüsusilə ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası epoxal hadisədir. Azərbaycanın çoxəsrlik tarixində buna bənzər bir Zəfər olmamışdır. Siyasi, hərbi və coğrafi amilləri, eləcə də otuz illik işğal reallığını nəzərə alsaq, bu Qələbə xalqımızın və dövlətimizin ən parlaq tarixi nailiyyətidir. İşğal altında olmuş ərazilərin azad edilməsi və suverenliyin tam bərpası regionda sülhün təmin olunması baxımından da yeni mərhələnin başlanğıcıdır.

Dövlət başçısı müsahibəsində milli kimlik, dil və milli birlik mövzusunda səsləndirdiyi fikirlərlə suverenliyini bərpa etmiş ölkəmizin hər bir vətəndaşını ümummilli həmrəyliyə çağırıb.

Qeyd edilməlidir ki, Prezidentin bu müsahibəsində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların mədəniyyətlərarası dialoqda iştirakının artırılması və milli identikliyə bağlılığının gücləndirilməsi məqsədi də aydın şəkildə öz əksini tapır. Həmrəylik konsepti burada bir tərəfdən qloballaşma şəraitində mədəni müxtəlifliyin qorunması, digər tərəfdən isə mədəni inteqrasiya modeli kimi təqdim olunur. Müsahibədə milli-mənəvi dəyərlərin qorunmasının Azərbaycan xalqının zəngin mədəni irsini çağdaş dövrdə yaşatmağın əsas şərti olduğu vurğulanır. Eyni zamanda, tarixi Zəfərdən sonra formalaşan yeni milli kimlik elementlərinin rolu xüsusi qeyd edilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin yanaşmaları işğalçı üzərində qazanılmış hərbi Qələbədən sonra, eləcə də işğalçının havadarları üzərində əldə edilmiş mənəvi Zəfər fonunda Azərbaycanın yeni geosiyasi reallıqlarda mövqeyini daha da möhkəmləndirdiyini göstərir. Bu kontekstdə dövlət başçısı həm ölkə daxilində, həm də diaspor müstəvisində həmrəylik ruhunun qorunmasının zəruriliyini önə çəkir.

Prezidentin müsahibəsində Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesi həm Azərbaycanın inkişaf modeli, həm də Zəfər irsinin gələcək nəsillərə ötürülməsi kimi təqdim olunur. Bu yanaşma ölkədaxili siyasətdə olduğu kimi, beynəlxalq aləmdə də Azərbaycanın multikultural dəyərlərə əsaslanan strategiyasını əks etdirir.

Dövlət başçısının söylədiyi hər bir fikirdə gələcəyə yönəlik optimist ton aydın şəkildə hiss olunur. Yeni ilin Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanğıcı olacağı bildirilir. Bu mərhələ çağdaş texnologiyalar və qlobal çağırışlarla sinxronlaşan mədəni-siyasi hədəf kimi təqdim edilir.

Eyni zamanda, bu müsahibə Azərbaycan xalqının daxili potensialına olan dərin inamı ifadə edir. Burada siyasi liderlik, milli iradə və mədəni irsin yeni dövrün tələblərinə uyğunlaşdırılması əsas anlayışlar kimi ön plana çıxır. Əgər əvvəlki müsahibələrdə daha çox milli məsələlərə diqqət yetirilirdisə, bu dəfə qlobal çağırışların həllində Azərbaycanın fəal iştirakından bəhs olunur.

Bu müraciət Azərbaycanın həmrəylik konseptini yalnız milli birlik çərçivəsində deyil, Dünya Azərbaycanlılarının qlobal mədəni dialoqa verdiyi töhfə kontekstində də təqdim edir. Prezident vurğulayır ki, dünya azərbaycanlıları öz köklərinə sadiq qalmaqla yanaşı, Azərbaycan dəyərlərini beynəlxalq müstəvidə tanıtmaqla ümumbəşəri mədəniyyətə inteqrasiya edirlər. Bu yanaşma milli birlik və həmrəylik anlayışını daha geniş, geokulturoloji müstəviyə daşıyır. Prezident İlham Əliyevin mesajı aydındır: harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının arxasında güclü, qalib və müstəqil Azərbaycan dövləti dayanır.

Yeni ilin Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı üçün yeni mərhələnin başlanğıcı olduğunu vurğulayan Prezident bu müsahibə ilə xalqımızı yeni dövrün milli ideyasının ümumxalq müzakirəsinə dəvət edir.

Doğrudan da hər bir cəmiyyətin və dövlətin davamlı inkişafını təmin etmək üçün onun hər bir dövrə uyğun yeni milli ideyası olmalıdır. Prezidentin milli ideya məsələsini ümumxalq müzakirəsinə təklif etməsi o deməkdir ki, ölkənin idarə olunmasında ölkə başçısı ilə bərabər xalq da birbaşa iştirak edir və Prezident bu iştirakın formal olmasını yox, faktiki olmasını arzulayır. Məsələyə belə yanaşma İlham Əliyevin əsl xalq Prezidenti olduğunun göstəricisidir. Və O, təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif coğrafiyalarında yaşayan hər bir azərbaycanlının prezidentidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır